Media nümayəndələrimiz Ukraynada məhsuldar görüşlər keçiriblər FOTOLAR

Media nümayəndələrimiz Ukraynada məhsuldar görüşlər keçiriblər FOTOLAR

"SƏS" Media Qrupunun baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup media nümayəndələri və turizm sahəsində çalışan menecerlər Ukraynaya səfər ediblər. SİA-nın verdiyi məlumata görə, bu gün ölkəmizi təmsil edən media nümayəndələri Livov vilayətində təşkil olunan XVIII Beynəlxalq İqtisadi Forum çərçivəsində Livov vilayəti qubernatorunun birinci müavini Rostislav Zamlinskiy ilə görüşüblər.

Görüşdə Rostislav Zamlinskiy Azərbaycan və Ukrayna arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyini qeyd edib. Bildirib ki, Azərbaycanda Ukrayna şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artıb və bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən qubernatorun birinci müavini iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyindən məmnunluğunu ifadə edib: "Azərbaycan turizm sahəsində çox uğurlu layihələr həyata keçirir. Biz bu təcrübədən öyrənirik və birgə layihələrin həyata keçirilməsinə hazırıq”.

O həmçinin Ukraynada yaşayan azərbaycanlılara hər zaman diqqət göstərildiyini diqqətə çatdırıb.

"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə nümayəndə heyəti ilə görüşü qəbul etdiyinə görə, Rotislav Zamlinskiyə təşəkkürünü bildirib. Qurum rəhbəri iki ölkənin media əlaqələrindən danışıb. Azərbaycanda hazırda 200-dən çox qəzetin, 100-ə yaxın jurnalın, 50-dən çox televiziya və radio kanalının, onlarla mətbuat yayımı şirkətinin və jurnalist təşkilatının fəaliyyət göstərdiyini bildirən Bəhruz Quliyev qeyd edib ki, internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, ölkə əhalisi arasında internet yayımı 80 faizi keçir, sosial şəbəkə istifadəçilərinin sayı iki milyondan çoxdur.

Qurum rəhbəri deyib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik Ukrayna və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Bu baxımdan həm Ukrayna, həm də Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyət düşür.

Görüşün sonunda Rostislav Zamlinskiyə Azərbaycanın füsunkar mənzərəsini özündə əks etdirən simvolik hədiyyə təqdim olunub və xatirə şəkili çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə