Zahid Oruc: “Əli Kərimli və İsa Qəmbərin bir-birinə patoloji nifrət bəslədiyi hamıya məlumdur” - MÜSAHİBƏ
- Sona çatmaqda olan 2010-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından necə dəyərləndirirsiniz?
- Dağlıq Qarabağ danışıqları ilə bağlı aparılan danışıqlar 2010-cu ildə də eyni intensivliklə davam etdi. Prosesə maneə olacaq əsas tendensiyalar arasında Türkiyə və Ermənistan arasındakı sərhəd diplomatiyasını göstərə bilərik. Azərbaycan onun mövqeyinə təsir göstərəcək hər bir hala qarşı çox böyük müqavimət göstərdi. Hesab edirəm ki, sərhəd diplomatiyasının indiki dövrdə iflasa uğraması, Qarabağ danışıqları ilə bağlı beynəlxalq müstəvidə görüşlərin keçirilməsi və bəyanatların verilməsi gələcək dövr üçün bu məsələnin həllinə yönəlik normal hüquqi, siyasi bazanın məhz Azərbaycanın inad və iddia etdiyi arqumentlərlə hazırlanmasına imkanlar açdı. Bu tamam başqa məsələdir ki, bu mövqelər sonuncu sənəddə nə dərəcədə yer alacaqdır. Azərbaycanın Ermənistanla müqayisədə bütün parametrlərdə üstünlüyü, ölkə rəhbərliyinin bu danışıqlarda Azərbaycanı uğurla təmsil etməsi deməyə əsas verir ki, 2010-cu ildə Qarabağ məsələsində Azərbaycanın mövqeləri geriləmədi.
- Münaqişənin həll edilməsinə əsas maneələr hansılardır?
- Danışıqların uğurla başa çatmasına imkan verməyən iki mühüm faktor var. Birincisi, Qərb və Rusiya münasibətlərində Qafqaz üzrə "kim kimin" məsələsi sona qədər aydınlaşmayıb. İkincisi, strateji maraq zonaları kimi Qafqazın bölüşdürülməsi tam reallaşmadığından və Qarabağ məsələsinin Azərbaycan maraqları konteksində həllinin müxtəlif dairələrinin maraqlarında olmadığından bu prosesdə beynəlxalq təsirlər, Ermənistan üzərinə təzyiqlər istədiyimiz kimi olmadı. Azərbaycan xalqının, bütövlükdə hakimiyyətin bu məsələdə çox böyük inad nümayiş etdirməsi 2011-ci il üçün problemin həllində müəyyən ümidlər yaradır. Əlbəttə ki, beynəlxalq hadisələr fonunda Azərbaycanın iqtisadi, diplomatik, informatik, bir sözlə bütün vasitələri işə salması müqabilində bu məsələnin həllinə inanıram.
- Danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupunun fəaliyəti Azərbaycan ictimaiyyətində dərin bir inamsızlıq yaradıb. Yaxın gələcəkdə hansısa başqa formatın yaradılması real görünürmü?
- Formatın dəyişməsi güc nisbətinin gələcəkdə hansı şəkildə müəyyənləşəcəyindən asılıdır. Konkret olaraq bölgədə maraqları uğrunda savaşan tərəflər kimi Rusiya, Fransa və ABŞ çıxış edir. Fransa Avropa Birliyininin maraqlarının daşıyıcısı kimi çıxış edir. Bu prosesə digər dövlətlər, məsələn Almaniya hələ ki qatılmaq istəmir. ATƏT sədrləri danışıqlarda önəmli irəliləyişə nail olmaq gücündə deyillər. Məsələn, Qazaxıstan 1990-cı illərin əvvəllərində dövlət başçısı səviyyəsində danışıqlarda vasitəçi kimi çıxış etmişdi. Kanat Saudabayevin ATƏT-ə sədrliyi dövründə də Azərbaycan heç nə əldə etmədi. Təşkilatın 11 il sonra keçirilən toplantısı da iflasla başa çatdı. Bütövlükdə Qarabağ üçün yox, ATƏT-in özünün gələcəyi üçün də. Ona görə də formatın dəyişdirilməsi istiqamətində Azırbaycan addımlar atmaqdadır. Minks qrupu Qarabağın yox, bu region üçün savaşan güclərin marağıdır. Nə Fransa, nə Rusiya, nə də ABŞ döyüşü uduzub çıxmayıb. Azərbaycan da çalışır ki, Minsk qrupunun təmsilçilərinə öz mövqeyini həzm elətdirsin və onlar Ermənistanın üzərinə getsinlər.
- Seçkiləri sonrası parlamentdən kənarda qalan müxalifət Xalq Məclisi ideyası ilə çıxış edir. Baxmayaraq ki, məsələyə müxalifətin özünün münasibəti də birmənalı deyil. İdeyanın perspektivini necə görürsünüz?
- İstənilən qurum böyük ictimai əsaslara və etimada söykənməlidir. Söhbət təkcə cəmiyyətin müxtəlif təbəqələrini təmsil etməkdən getmir. Ora ziyalıları, qeyri-hökümət təşkilatlarının nümayəndələrini toplamaqla alternativ hakimiyyət komandası kimi beynəlxaql aləmə göstərmək imkanları ortada yoxdur. Bu məsələnin birinci tərəfidir. İkincisi, müxalif qüvvələr siyasi cəhətdən son dərəcə zəif olduqlarından başqa vasitələr axtarırlar. Bu qüvvələr Senat, Xalq Məclisi kimi ideyalar ortaya atmaqla cəmiyyətin diqqətini çəkmək istəyirlər. Hesab edirəm ki, müxalifət özünün gələcək həyatını qurmaq üçün tamam başqa addımlara əl atmalıdır. Mənim fikrim budur ki, iki partiyanın birləşməsi onları nəinki gücləndirəcək, əksinə itkilərini artırmış olacaq. İki partiyanın birləşməsi məsələsi ortaya çıxandan sonra bunların elitalarında parçalanmalar artıb, nəinki azalıb. Bu ideya ortaya atılanda onlar fikirləşirdilər ki, iki ənənəvi siyasi təşkilatın yenidən bir hərəkatda yer alması ilə digər narazılar da onların ətrafına toplanacaq. Bununla da hakimiyyətlə döyüşmək imkanlarını genişləndirəcəklər. Əksinə, elitasının toxunulmazlığı, dayanıqlığı ilə öyünən Müsavat kimi qurum bir neçə şəxsi də itirmiş oldu. Bunun da başlıca səbəbi odur ki, Əli Kərimli və İsa Qəmbərin bir-birinə topoloji nifrət bəslədiyini nəinki onların yaxın çevrəsindəki adamlar, cəmiyyətdəki digər insanlar da bilirlər. Hər kəsə aydındır ki, Əbülfəz Elçibəydən miras qalmış cəbhə ilə indiki arasında bərabərlik işarəsi qoymaq mümkün deyil. Əgər həmin cəbhənin böyük gələcəyi olsaydı, Fuad Mustafayevdən tutmuş Qulamhüseyn Əlibəyliyə, Asim Mollazadədən tutmuş Fazil Mustafaya qədər tanınmış şəxslər Əli Kərimli ilə eyni yolu gedərdilər. Cəbhədən ayrılan insanlar həmin yolun onları nəyəsə sahib edəcəklərini görmədiyindən özlərinin fərdi xilas yolunu seçdilər. Hakimiyyət marağındadır ki, Əli Kərimli ilə İsa Qəmbər guya birləşsin. Çünki, bu formal bir görüntü olacaq. Hesab edirəm ki, müxalifət yaxşı platformalarla silahlandığı, mübarizəni ekstremizmlə, radikallıqla yox, daha fərqli düşüncələrlə apardıqları təqdirdə hansısa bir formada cəmiyyət həyatında yer ala bilərlər. Əks halda "hakimiyyəti daha çox tənqid edirəm ki, kiminsə xoşuna gəlim" mövqeyi müxalifətçilik deyil.
- Seçkilərin nəticəsi olaraq parlamentdə 9 müxalifət partiyası yer aldı. Mərkəzi Seçki Komissiyasında isə qanunvericiliklə müxalifətə 6 yer verilib. Bu məsələ necə həll olunacaq?
- MSK-dakı müxalifətin payına düşən yerlər parlamentdəki müxalifət partiyalarının spektri əsasında müəyyən olunacaq. İstər Ana Vətən, istərsə də digər müxalifət partiyaları öz aralarında bəlkə iki-iki, bəlkə də başqa bir formatda razılıq əldə etməlidirlər ki, MSK-da filan partiyanın nümayəndəsi yer alacaqsa, bu halda seçki dairələrində nisbəti necə seçsinlər ki, optimal bir razılaşma modeli seçilsin. Hesab edirəm ki, MSK-nın gələcək dövr üçün formalaşmasında problem olmayacaq. Hazırkı seçkinin nəticəsi MSK-nın formalaşmasının başlıca şərti olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB