Rauf Zeyni: “2010-ci il Milli QHT Forumu üçün uğurlu il olub”- AÇIQLAMA

2010-ci il bütövlükdə Milli QHT Forumu (MQF) üçün uğurlu il olub. Bu barədə MQF-nun sədri Rauf Zeyni SİA-ya açıqlamasında deyib.O bildirib ki, qurum cari ildə Dağlıq Qarabağ həqiqətlərinin QHT-lər vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması layihəsini QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirib. Bu istiqamətdə MQF tərəfindən mühüm işlərin görüldüyünü dilə gətirən R. Zeyninin sözlərinə görə, cari ildə MQF həmçinin insan hüquqları ilə əlaqədar da bir sıra tədbirlər həyata keçirib.

"MQF-nin builki uğurlarından biri forumun ekoloji bölməsinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə elan etdiyi layihənin qalibi olmasıdır. Forumun digər bir uğuru isə onun üzvlərinin sayının 551-ə çatması olub. Ən böyük koalisiya olmaqla yanaşı ən böyük məsuliyyəti öz üzərində daşıyan MQF bu il ikinci beynəlxalq təşkilatın üzvlüyünü qazanıb.
Belə ki, qurum Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumuna üzv qəbul edilib. Bu cür əhəmiyyətli təşkilatda ölkəmizdən olan QHT-lərin təmsil olunması sevindiricidir. Təşkilat Avropada və dünyada vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rola malikdir. Belə təşkilatlarda təmsil olunmaq çox böyük əhəmiyyət kəsb edir.",- deyə forum sədri vurğulayıb.

Cari ildə MQF tərəfindən həm Bakıda, həm də regionlarda müxtəlif dəyirmi masa, tədbir, konfrans və seminarların keçirildiyini qeyd edən R. Zeyni ümumilikdə foruma daxil olan QHT-lərin builki fəaliyyətini müsbət qiymətləndirib.

"MQF-y daxil olan QHT-lər geniş miqyasda layihələr həyata keçirir, eyni zamanda ictimai sektorda fəallıq nümayiş etdirirlər. Onlar mədəniyyət, təhsil, səhiyyə, gənclər, uşaqların hüquqları ilə əlaqədar geniş miqyaslı, əhəmiyyətli fəaliyət həyata keçiriblər ki, bu da forum üçün böyük uğurdur",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə