“Birinci Bakı Ekoloji Marafonu”nun təqdimat mərasimi keçirilib

“Birinci Bakı Ekoloji Marafonu”nun təqdimat mərasimi keçirilib
Bu gün "Birinci Bakı Ekoloji Marafonu"nun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ekologiya və Təbii Sərvətlər (ETSN), Mədəniyyət və Turizm (MTN) və digər nazirliklərin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Raqif Abbasov "Ekologiya ili"ndə belə tədbirlərə geniş yer verilməsini yüksək qiymətləndirib: "Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən bu il "Ekologiya ili" elan olunub. Belə bir vaxtda bu cür tədbirlərin keçirilməsi çox məqsədəuyğundur".

R.Abbasov bildirib ki, marafonun əsas məqsədi cəmiyyətdə sağlam həyatı təbliğ etməkdir: "Marafonun keçirilməsində əsas məqsəd müxtəlif yaşda olan insanlar arasında sağlam həyat tərzini aşılamaq və ekoloji maarifləndirmə işlərini genişləndirməkdir. Marafon çərçivəsində bir sıra tədbirlərin, şüarların, müsabiqələrin keçirilməsi də nəzərdə tutulub".

Tədbir nazirlik nümayəndələrinin çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə