Evimizi bəzəyən təhlükəli "gözəllik" ARAŞDIRMA

Evimizi bəzəyən təhlükəli "gözəllik" ARAŞDIRMA

Dünyanı narahat edən əsas problemlərdən biri plastik qabların insan sağlamlığına eləcə də ətraf mühitə vurduğu zərərdir. Bu problemin qarşısının alınması istiqamətində həm dünya ölkələri, həm də beynəlxalq təşkilat tərəfindən addımlar atılır, ümumiyyətlə, plastik qablardan imtina etmək məqsədilə mühüm təşəbbüslər irəli sürülür. Artıq dünyanın 50 ölkəsi bu istiqamətdə iş görüb, hətta BMT-nin indiyə kimi yaydığı ən böyük hesabatda da məsələyə geniş yer ayrılıb. Bəzi şəhər və ölkələrdə plastik qablardan istifadəyə ümumiyyətlə, qadağa qoyulmasına baxmayaraq, BMT-nin hesabatında atılan addımların azlığı qeyd olunur.

Ekspertlər plastik tullantıların idarə olunmaması nəticəsində çaylar və dənizlər təbii yolla həll olunmayan zibillə dola biləcəyi ilə bağlı çağırışlar edir, bu problemin daşqınlara səbəb olduğunu bildirirlər. Mütəxəssislər plastik qabların ətraf mühitə vurduğu zərərlərlə yanaşı, onun heyvan ölümünə də səbəb olduğunu açıqlayaraq, Tailand sularında ölən balinanın qarnından 8 kilo (80 ədəd plastik paket) çıxmasını buna misal olaraq göstərirlər. Ümumiyyətlə, polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır.

Bu qlobal problemin Azərbaycan da yan keçmədiyini desək yanılmarıq. Belə ki, ölkəmizdə mağazalarda təklif olunan məhsulların əksəriyyəti polietilen və plastik qablaşdırmada olduğunun hamımız şahidiyik. Məsələ dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qabardılaraq bildirilib ki, plastik qabların əvəzinə kağız, şüşə və parça materialından istifadə daha məqsədəuyğundur.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayev söyləyib ki, hər bir adam il ərzində 250 kiloqram zibil istehsal edir ki, onun da 6-8%-ni polietilen və plastik qablar təşkil edir.

Onun sözlərinə görə, polietilen və plastiklərin torpağa qarışması üçün yüz illərlə vaxt lazımdır: “Atılan plastik tullantılar nəinki həmin ərazilərin ekoloji vəziyyətinin pozulmasına və antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır”.

Alimin fikrincə, ətraf mühit üçün zərərli olan bu təhlükəli zibillərdən xilas olmaq üçün ondan təkrar xammal kimi istifadə etmək lazımdır: “Onları yandırmaq da çıxış yolu deyil. Plastik zibillərin yandırılması zamanı ayrılan zəhərli qazlar minlərlə kubmetr havanı zəhərləyir. Plastik qabların dənizə atılması isə Xəzər dənizinin su bioloji resurslarına məhvedici təsir göstərir. Belə ki, dənizə atılan plastik tullantılar günəşin, dalğaların və bakteriyaların təsiri ilə mikro-plastiklərə parçalanır. Nəticədə suda yaşayan canlı orqanizmlər–balıqlar, molyusklar, planktonlar bu mikro-plastikləri qəbul edirlər və onların orqanizmində fəsadlar yaranır. Belə şəraitdə olan balıqlar insanlar tərəfindən qida kimi qəbul edildikdə, insanların sağlamlığında müxtəlif fəsadlara səbəb olur. Beləliklə ətraf mühitə bu cür laqeyd və etinasız yanaşma son nəticədə dövr edərək elə məhz insanlara mənfi təsirini göstərir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu cür halların qarşısının alınması məqsədilə iməciliklər, müxtəlif təmizlik aksiyaları və mütəmadi reydlərin keçirildiyini deyən İ. Mustafayev qeyd edib ki, bu tipli aksiyaların keçirilməsində məqsəd plastik tullantıların ətrafa atılmasının fəsadlar yarada biləcəyinin dərk edilməsinə, təbiətə olan münasibətin müsbət mənada dəyişməsinə nail olmaqdır: “Təbiətin qayğımıza ehtiyacı var!"

“Plastik qablardan bişmiş qidaların saxlanılmasında istifadə etmək düzgün deyil”

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev söyləyib ki, qida saxlanmasında plastik material təbii ki, digər materialları - ağac materialları, keramikanı, şüşəni əvəz edə bilməz. Plastik materialın markaları var və tərkibində olan kimyəvi maddələrin qidaya keçməməsi üçün zaman-zaman bunlar araşdırılır, o qidalarla təması müəyyənləşdirilir və sonra istifadəsinə icazə verilir. Bu qabların çeşidləri çoxdur. Zibil daşınmasında, kimya sənayesində, eyni zamanda qidada istifadə edilən çeşidləri var. Plastik qablar şorbaların saxlanması üçün nəzərdə tutulmayıb Çünki, şorba özü duzlu məhlul olduğuna görə, plastik qabı aşılaya bilər. Plastik qablar daha çox texniki məqsədlər üçün yararlı olduğuna görə, bu qablardan bişmiş qidaların saxlanılmasında istifadə etmək düzgün deyil”.

Sağlamlığımız üçün ziyanı?

Azərbaycan Tibb Universitetinin kafedra müdiri İbrahim Əhmədov söyləyib ki, yuxarıda sadalanan materiallar fərqli texnologiya əsasında hazırlanmaqla yanaşı, hərəsinin özünün tətbiq sahəsi var.

Onun sözlərinə görə, qida məqsədilə tətbiq edilən birdəfəlik qablar sayılır ki, onun təkrar istifadəsinə yol vermək olmaz: “Belə məhsullar qida mübadiləsinə, immun sistemə, allergik xəstələrə təsir göstərə bilər”.

Təcili Tibbi Yardım Stansiyasıniın həkimi da açıqlamasında plastik qablaşdırmaların, sellofan paketlərin insan orqanizmi üçün hədsiz ziyanlı olduğunu bildirib: “Azərbaycanda da bu mövzu ilə bağlı geniş müzakirələr aparılır, müxtəlif sosial aksiyalar həyata keçirilir. Görürük ki, könüllü dəstələr dəniz sahilinin təmizlənməsinə cəlb edilir, alış-veriş mərkəzlərində kağız torbalardan istifadə olunur və s. Plastik qablaşdırmalarla bağlı efirdə Respublika Sanitar-epidemioloji stansiyasının işçiləri ilə müzakirələr də aparılıb. Əlbəttə ki, plastik qablaşdırmalar da ziyanlıdır, tərkibində plastik maddələr olan istənilən əşya da. Siz fikir versəniz, görərsiniz ki, yeni istehsaldan çıxmış plastik qablardan necə spesifik qoxu gəlir. Plastik qabların istehsalında bir sıra kimyəvi maddələrdən istifadə olunur ki, onlar da insan orqanizminə ziyandır. Amma şüşə qablaşdırmada istər şirələr olsun, istərsə də mineral sular uzun müddət – göstərilən son istifadə tarixinədək tərkibi dəyişməz qalır”.

Qeyd edək ki, mütəxəssislər bunun qarşısının alınması istiqamətində bir neçə təklif irəli sürürlər ki, onlardan biri maarifləndirmə, ikincisi böyük marketlərin bundan imtina etməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə