SAM Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətlərini araşdıracaq
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır. Bu layihə "Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri" adlı kitabın nəşrə hazırlanmasından ibarətdir. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən layihəyə məsul şəxs SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev deyib. Onun sözlərinə görə, kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq: "Azərbaycan və Osmanlı türklərinin tarixən eyni coğrafi ərazidə yaşaması, Osmanlı ərazisində yaşayan soydaşlarımızın Türkiyənin tarixi müqəddəratında, dövlətçilik, siyasi və mədəni həyatında göstərdikləri xidmətlər əsərdə diqqətə çatdırılacaq əsas məqamlardandır".
O, qeyd edib ki, layihə çərçivəsində kitabın hazırlanmasında əsas məqsəd iki dövlət, bir millətin müştərək tarixini təcrübəli müasir tarixçilər tərəfindən daha dərindən araşdırmaq, Türkiyə azərbaycanlıları haqqında geniş məlumatlar əldə etmək və bununla onların ümumi ideya altında birləşməsinə nail olmaqdır. Aparılan araşdırmalar göstərir ki, son zamanlar Türkiyə azərbaycanlılarının sayı artmaqdadır: "Yeni nəsil Türkiyəli azərbaycanlılar müəyyən problemlərlə üzləşməkdədir. Əsər bu problemləri araşdırıb həlli yollarını tapmaqla Türkiyədə yaşayan soydaşlarımız üçün bir bələdçiyə çevriləcək".
C. Vəliyev deyir ki, əsər üzərində işləyəcək sosioloq, tarixçi və siyasətşünaslar Türkiyədə yaşayan Azərbaycanlıların dərnəklərinə və çoxluq təşkil etdiyi ərazilərə baş çəkəcək, görüşlər təşkil edəcək, arxivləri araşdıracaq, azərbaycanlıların dini, sosial, mədəni, siyasi və iqtisadi fəaliyyətlərini öyrənəcəklər.
Qeyd edək ki, "Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri" adlı kitabın hazırlanmasının 2011-ci ildə başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB