BSU “Modern dünya, modern insan” tədbirinə ev sahibliyi edəcək

BSU “Modern dünya, modern insan” tədbirinə ev sahibliyi edəcək

Bakı Slavyan Universitetinin (BSU) ev sahibliyi ilə “Modern dünya, modern insan” mövzusunda geniş formatlı tədbirin keçirilməsi planlaşdırılır. BSU-dan SİA-ya bildirilib ki, bu barədə rektor Nurlana Əliyevanın Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellos ilə görüşündə danışılıb. N.Əliyeva belə tədbirlərin tələbələrin dünyagörüşünə, beynəlxalq aləmdə gedən proseslər barədə aydın təsəvvürə malik olmalarına, onların müasir dünya tələbləri ruhunda formalaşmasına müsbət təsir edəcəyini bildirib.

N.Kanellos rektorun təklifini dəstəkləyərək tədbirin canlı dialoq şəklində aparılmasının tərəfdarı olduğunu vurğulayıb. O, tədbirdə təhsil, müasir siyasət, onun cəmiyyətlərə təsiri mövzularının müzakirəsinin gənclər üçün əhəmiyyətli ola biləcəyini deyib. Belə bir tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirlərin iştirakını təmin etmək üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu bildirib.

Görüşdə tədbirin noyabrın 27-dən dekabrın 3-dək keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə