Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib - FOTO
Bu gün “Müstəqilliyin varisləri - Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib. SİA-nın məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində təşkil edilən toplantıda Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Nazirliyinin məsul işçisi Rəşad Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rəna Abdullayeva, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət, tələbə gənclər təşkilatlarının, Bakı şəhərinin rayon gənclər idman idarələrinin nümayəndələri, idmançılar, əsgər və zabitlər iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova Azərbaycan Gənclərinin VIII Forumunun uğurla keçirilməsi münasibəti ilə gəncləri təbrik edib. O, ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin inkişafından danışıb. F.Hüseynova toplantının işinə uğurlar arzulayıb.
Digər iştirakçılar gənclər, mədəniyyət, sosial, təhsil və digər sahələr haqqında geniş çıxış ediblər.
Ekspertlərin çıxışlarından sonra toplantı iştirakçılarının sualları cavablandırılıb, ətraflı fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı şəhərinin inzibati rayonları üzrə VIII Respublika Forumuna 411 nəfər nümayəndə seçilib.
Xatırladaq ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB