Hüseyn Cavidin anadan olmasının 136 illiyinə həsr olunmuş tədbir keçirilib
Bu gün YAP Yasamal rayon təşkilatının və Yasamal rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid Parkında böyük dramaturq və şair, mütəffəkkir Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ədibin Hüseyn Cavid Parkında ucaldılan heykəlini ziyarət edərək, abidəsi önünə gül çələngləri qoyaraq, xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə açan akademik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli Hüseyn Cavidin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaraq, böyük şairin Azərbaycan ədəbiyyatına töhfələr bəxş etdiyini bildirdi. Sənəti janr və forma cəhətdən zəngin olan ədibin yaradıcılığında fəlsəfi və tarixi faciələri Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmışdı. Qeyd etdi ki, H.Cavid sənəti fikir və duyğular, obraz və xarakterlər, zaman və məkan məhdudiyyəti ilə sərhədlənmir, onun yaradıcılığı sonsuzluq və müxtəliflik mücəssəməsidir.
Tədbirdə çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov H.Cavidin keşməkeşli həyat yolu, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı və yaşadığımız sovet dövründə, totalitarizmin dəhşətli dövründə H.Cavidin Sibir buzlaqlarına sürgün edildiyini söylədi. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə nəşinin Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi sovet məkanında yaşadığımız illərdə, həqiqətən də, böyük hadisə idi.
AMEA-ın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük dramaturqun ədəbi irsinin hər zaman diqqətdə olduğunu vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə bir neçə dəfə əsərlərinin latın qrafikası ilə çap olunduğunu bildirdi. Hər il ölkəmizdə Cavid günlərinin keçirilməsi onun dünyasına olan böyük sevgidən qaynaqlanır.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, artıq 16 ildir ki, Cavid günü onun adını daşıyan bu parkda təşkil olunur. Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyan dramaturqun iki il represiya dövründə istintaqda qaldığını və sonra Sibirə sürgün olduğunu diqqətə çatdırdı. "Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində yalnız 41 ildən sonra H.Cavidin cənazəsinin qalıqları vətənə qaytarıldı. H.Cavidin nəşinin Uzaq Sibirdən Azərbaycana gətirilməsi ictimai-siyasi mühitdə böyük hadisəyə çevrildi. H.Cavid təkcə yaşadığı dövrün deyil, sonraki dövrlərin də böyük filosof-şairidir".
Tədbirdə Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov və başqaları çıxış edərək H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdilər. Qeyd olundu ki, H.Cavidin böyük istedadı, sənətkarlığı, xalqına mənən bağlılığı yaradıcılığına əbədiyaşarlıq qazandırıb. Buna görə də H.Cavid kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq.
Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni Almaxanım Əhmədlinin ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Bakı Dövlət Universitetinin tələbəsi Qəndab Əhmədli H.Cavid yaradıcılığından nümunə səsləndirdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB