Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri açıqlanıb FOTOLAR
Tədbirdə ölkənin aparıcı mətbuat qurumlarının rəhbərləri də iştirak ediblər
Bu gün Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) konfrans zalında Mətbuat Şurası və ölkə mediasının aparıcı qurumlarının rəhbərləri ilə bu təhsil müəssisəsinin rəhbərliyi və tələbələri arasında görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, “Trend” İnformasiya Agentliyinin Baş direktorun müavini Arzu Nağıyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, eləcə də Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət iştirak ediiblər.
Görüşdən öncə, Aİİ-nin rektoru Ceyhun Məmmədov qonaqları təhsil müəssisəsinin auditoriyaları və dərs prosesi ilə tanış edib. Bu ali təhsil müəssisəsində aparılan işlər, pedaqogika fəaliyyəti və tələbələr tərəfindən istifadə edilən dərsliklər barədə qonaqlara məlumat verən rektor həmçinin bildirib ki, bu müəssisədə təhsil, eləcə də digər vasitələr pulsuzdur.
Tədbir konfrans zalında davam etdirilib. Görüşü giriş sözü ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, bu institut, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir. Belə ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamı ilə ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu ali təhsil müəssisəsinin rektoru təyin edilib. “İnstituta 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib”, deyə qeyd edən rektor həmçinin bildirib ki, dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri 100% dolub: “İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 103 tələbə təhsil alır”.
“Aİİ keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir”, deyən rektor dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparıldığını bildirib. Belə ki, onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları var.
Sonra söz, media rəhbərlərinə verilib.
Çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda belə bir təhsil müəssisəsinin fəaliyyətə başlaması çox önəmli və uğurlu addımdır. Belə ki, media da bu kimi təşəbbüslərdə fəal iştirak edir. “Bizim milli dəyərlərimizin əsas qollarından biri də türkçülük və İslam dinidir”, deyə qeyd edən Mətbuat Şurasının sədri həmçinin bildirib ki, ümumiyyətlə, din üzərində zərərli halların qarşısının alınması üçün Aİİ-nin rolu burada çox əhəmiyyət daşımaqdadır: “Artıq Milli Məclisdə bu kimi məsələlər ətrafında müəyyən qanun layihələri işlənilir və onların qəbulu üçün müzakirələr aparılır. Atılan hər bir addımlar uşaqların, yeniyetmələrin dini xurafat təhlükəsindən uzaqlaşdırlmasına hesablanıb. Bu baxımdan, bizlərin də buraya gəlməyimizin əsas səbəblərindən biri Aİİ-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq, gələcəkdə birgə fəaliyyət aparmaqdan ibarətdir”.
Əflatun Amaşov eyni zamanda bildirib ki, müəyyən təkliflər də var: “Təkliflərimizdən biri BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrə İlahiyyat elmləri ilə bağlı seminarların keçirilməsidir. Belə ki, gələcəyin media işçiləri olacaq gənc jurnalistlər bütün sahələrlə yanaşı, bu sahə haqqında da bilgilərə mənsub olmalıdırlar. Biz, mətbuat olaraq, hər zaman sizinlə birlikdəyik”.
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu öz növbəsində bir sıra tarixi amillərə toxunaraq bildirib ki, Azərbaycanda bu vaxta qədər bir çox dinlər mövcud olub. Lakin İslam dini formalaşdıqdan sonra o özü yerini möhkəmləndirib. Ancaq buna baxmayaraq, hər bir din tariximizdə öz izlərini buraxıb. “Bu gün belə bir təhsil müəssisəsinin fəaliyyəti gələcək nəsil üçün mühümlük təşkil edir”, deyən Hikmət Bbaboğluya görə, buradakı tələbələr elmi şəkildə ilahiyyatçılığın dərinliklərini öyrənir, ölkə üçün həqiqi məqsədli kadrlar hazırlanır.
Baş redaktor çıxışının sonunda Aİİ-nin fəaliyyətinə və media ilə əməkdaşlığının davamlı olmasına uğurlar arzulayıb.
Daha sonra çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də Aİİ-də görülən işlərin əhəmiyyətinin olduqca səmərə verəcəyini deyərək, eyni zamanda qeyd edib ki, din məsələsi həm də strateji bir məsələdir. “Azərbaycanda kifayət qədər müxtəlif zərərli dinli təsirlər altına düşənlər olur”, deyən baş redaktor onu da bildirib ki, bəzi Şərq ölkələrindən də dini məsələlərdə müdaxilələrin olması kimsəyə sirr deyil: “Ona görə də Aİİ kimi ali təhsil müəssisəsinin fəaliyyəti Azərbaycanın yeni modellərindən biridir və bu model çox uğurludur. Daha öncələr yaşanan məlum hadisələrin baş verməməsi üçün burada aparılan maarifləndirmə işləri bilavasitə kadr potensialının inkişafına öz əvəzsiz töhfələrini verməkdədir”.
Vüqar Rəhimzadə də Aİİ-nin mətbuatla davamlı təmasda olmasının vacib olduğunu deyərək, qarşıya qoyulan məqsədlərin uğurla başa çatdırılmasını arzulayıb.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək deyib ki, belə bir təhsil müəssisəsinin yaradılması vacib faktorlardandır. Belə ki, bir sıra xarici ölkələrdən İslam dininə xas olmayan zərərli idxallar olur ki, bu da dini radikalizmin ayaq açmasına müəyyən dərəcədə şərait yaradır: “Söz yox ki, bu kimi halların qarşısının alınması üçün ali təhsilə və bilgilərə mənsub olan ilahiyyatçılara, alimlərə, elm adamlarına ehtiyac var. Çünki dövlət-din və din-dövlət münasibətləri çox həssasdır. Bu kimi məqamları nəzərə alaraq, qeyd edə bilərəm ki, Aİİ-nin fəaliyyəti əvəzsiz rol oynayır”.
Baş redaktor təkliflərlə də çıxış edərək bildirib ki, Aİİ media ilə davamlı münasibətlər qurmaq üçün dini ekspertlər də hazırlaya bilər: “Çünki bu gün ölkədə elə də xüsusi ilahiyyat elmləri bilgisinə sahib olan şəxslər yoxdur. Belə olan halda, jurnalistləri bu sahədə maraqlandıran suallara da qeyri-dəqiq cavablar verilir ki, bu da medianı təmin etmir. Ona görə, həmçinin təklif edirəm ki, Aİİ jurnalistlərlə treninqlər keçirərək, media nümayəndələrini müəyyən məsələlərdə maarifləndirsinlər”.
Bəhruz Quliyev də təhsil müəssisəsinin rəhbərliyinə, tələbə və müəllim heyətinə fəaliyyətlərində uğurlar arzulayıb.
“Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev də öz çıxışında bildirib ki, hazırda Azərbaycanda dini ekspertlərə ehtiyac yaranıb. O, bildirib ki, dini ekstremizmin qarşısının alınması üçün bu istiqamətdə fəaliyyətlər artırılmalıdır. “Aİİ-nin fəaliyyətə başlaması bu kimi məsələlərin həll olunmasına münbit şərait yaradır”, deyən informasiya agentliyinin təmsilçisi bildirib ki, bu ali müəssisə həqiqətən də çox həssas və çətin bir vəzifəni həyata keçirir.
Digər çıxış edənlər – “525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildiriblər ki, Aİİ tərəfindən belə bir təşəbbüslərin reallaşdırılması media nümayəndələrinin də marağındadır və Azərbaycanda ilahiyyat elminin inkişafı ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinə öz uğurlu töhfələrini verəcək. Bununla yanaşı, mətbuatın da burada yer alması uğurlu və əhəmiyyətli seçimdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB