Arif Əliyev: “Telekanallar adətən o ekspertlərə pul ödəyirlər ki, onlar əlçatmazdır, həmin şəxslərin fikirlərinə cəmiyyətdə kifayət qədər inanılır“-Açıqlama

Arif Əliyev: “Telekanallar adətən o ekspertlərə pul ödəyirlər ki, onlar əlçatmazdır, həmin şəxslərin fikirlərinə cəmiyyətdə kifayət qədər inanılır“-Açıqlama

İnkişaf etmiş xarici ölkələrdə belə bir hala rast gəlinir ki, müxtəlif sahələrə aid ekspertlər kütləvi informasiya vasitələrinə (KİV) müsahibə, yaxud şərh verərkən bunu pul müqabilində edir. Ekspertlərin əksəriyyəti isə KİV-lə əməkdaşlıq üçün müxtəlif müddətli müqavilələr bağlayırlar. Azərbaycanda belə bir ənənəyə rast gəlinməsə də tez-tez müzakirələr açılır. Azərbaycan mətbuatı hər nə qədər bu ənənənin formalaşmasını istəməsə də bəzi ekspertlər dünya praktikasının tətbiq olunmasını istəyirlər.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə ekspertlərin pul müqabilində KİV-ə müsahibə və ya şərh vermə ənənəsini Azərbaycan üçün tez hesab edir. SİA-ya açıqlamasında o, maddi vəziyyəti kifayət qədər yaxşı olmayan Azərbaycan KİV-nin cibi ilə ekspertlərin istəyinin ziddiyyət təşkil etdiyini bildirib: "İstər redaksiyaların maliyyə imkanları, istərsə də jurnalistin aldığı qonarar və maaş imkan vermir ki, aldığı müsahibə əvəzində ekspertə pul ödəsin. Buna baxmayaraq bir neçə dini və siyasi sahədə çalışan ekspert tanıyıram ki, KİV-lə əməkdaşlıq əvəzində pul tələb edirlər. Hesab edirəm ki, bu indiki halda yanlış bir istəkdir".

A.Əliyevin fikrincə, ekspertlərin özləri də KİV-də görünməyə can atırlar: "KİV-lə əməkdaşlıq etmək ekspertlərə özlərinin nüfuzu baxımından da maraqlıdır. Ekspert televiziyalarda görünməklə, mətbuata müsahibələr, şərhlər verməklə özünü tanıdır. Burada yalnız KİV-in qazandığını demək düzgün olmaz".

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri sözügedən ənənənin Azərbaycanda formalaşmamasını birinci növbədə KİV-in maliyyə imkanları ilə izah etsə də ikinci səbəb kimi ekspertlərin özlərinin səviyyəsini, nüfuzunu göstərir: "Telekanallar adətən o ekspertlərə pul ödəyirlər ki, onlar əlçatmazdır, həmin şəxslərin fikirlərinə cəmiyyətdə kifayət qədər inanılır. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Hesab edirəm ki, bizdə bu cür ekspertlərin sayı azdır. Jurnalist hər hansı bir sahə ilə bağlı ekspert axtaranda, onların sayı 5-6-nı keçmir".

Bütün xəbərlər Facebook səhifəmizdə