Hacı Surxay Məmmədli: “Bu gün gənclərimizin islama axışmasına səbəb odur ki, ölkəmizdə tolerantlıq var və bütün dinlərə azadlıq verilib” - MÜSAHİBƏ
İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədlinin SİA-ya müsahibəsi
- Bu gün Məhərrəm ayının 10-cu günü Aşura günüdür. Siz bir axund olaraq bu günü necə şərh edərdiniz?
- 14 əsr bundan öncə baş vermiş bu hadisələr İslam aləmində azadlıq hərəkatının ilk başlanğıcıdır. İmam Hüseyn Kərbalada öz azadlıq hərəkatını qeyd etməklə insanların qəlbində azad olmağı yaradıb. İmam Hüseyn, həmçinin insanlara əxlaq, mübarizlik məktəbini öyrədib. Keçən ilə nisbətən insanlar və gənclər artıq bu sahədə xeyli maariflənib. Bir zamanlar insanlar zəncir vurub, qan tökürdülər. Ancaq Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin qərarı ilə bu məsələlər aradan qaldırılır. Mən və mənim simamda bütün din xadimləri bunu çox uğurlu aksiya kimi qiymətləndirdi.
Bütün dünya ölkələri islamda qan töküldüyünü gördükdə dəhşətə gəlirdilər ki, əgər islam belədirsə, ona heç kim gəlməz. Allah-Təala Quranda da deyib ki, bir insana həyat vermək bəşəriyyətə həyat vermək, bir insanı öldürmək kainatı, bütövlükdə bəşəriyyət aləmini öldürmək deməkdir. Biz də ildə bir dəfə qanvermə aksiyalarında iştirak etməklə talessemiyalı xəstələrə, qan xəstəliklərindən əziyyət çəkən uşaqlara həyat veririk. Bu İmam Hüseyn yolunda ehsan olaraq verilən qandır. Həm də bilavasitə bir adəm övladının ünvanına yardım göstərilir. Bundan böyük dəyər, qiymət ola bilməz. Bunu Allah yanında bəşəri dəyərlərə xidmət edən bir dəyər kimi qiymətləndirəm. İnsanlar çox aktiv şəkildə bu izdihama axışır, qanvermə aksiyasında iştirak edirlər. İmam Hüseynin Aşura günündə Allah yolunda şəhid olması cavanlarımızda çox böyük qürur yaradır. Bunu dərk edərək belə addımlarla hərəkət edirik. Ümidvarıq ki, İmam Hüseyn hərəkatı azadlıq hərəkatının meyar ölçüsü yükü olaraq gənclərə bir daha xatırladır ki, ölkənin 20% torpağı düşmən əlindədir. Biz bu mübarizliyi, əzəməti indiki cavanlarda görür və ümidvarıq ki, bu da gənclərdə mənəvi stimul yaranır. Əgər İmam Hüseyn məktəbi Azərbaycanda qeyd, təbliğ olunursa, bir insan qan verə bilirsə, deməli o can da verə bilər.
- Bilirsiniz ki, digər ərəb ölkələrində Aşura günü Azərbaycandakı kimi geniş şəkildə qeyd olunmur. Ərəb ölkələrinin də müsəlman olmasına baxmayaraq bizim ölkə kimi geniş tədbirlər keçirilmir. Bunun səbəblərini nədə görürsünüz?
- Biz 70 il Sovet Rusiyasının əsarəti altında qalmışıq. Bu müddətdə inanclı insanlarımız, ata-babalarımız bizim milli-adətlərimizi, İmam Hüseynin şəhidlik məktəbini bizə başa salıb. Biz də onların kökündən qaynaqlanıb bu yerə gəlib çatan nəsilik. Onların nəslini bugün davam etdirərək İmam Hüseyn məktəbini yaşadırıq. Ancaq bu gün İran, Türkiyənın 20 rayonunda İmam Hüseyn məktəbinin xatirəsi qeyd olunur. Bundan əlavə, İran, Gürcüstan, hətta real olaraq İraqda, Kərbalanın özündə böyük izdihamla İmam Hüseyn şüarlarını səsləndirilir. Bu gün bir dövlət olaraq Azərbaycanın gəncləri də bu məsələdə çox fəaldır. Azərbaycan günü-gündən inkişaf edir, inteqrasiya, dünyəvilik prinsipləri var. Biz nəyisə zor gücü ilə tətbiq etmirik, dində nəyisə yasaq və ya məcbur etmirik. Din azaddır, fikir azadlıqlarımız var. Bəlkə də bizim gənclərimizə qanunvericilik orqanında məhdudiyyət olmadığından azad seçim edirlər. Dində də belə bir fikir var ki, insan qadağa olunmuş şeylərə hərisdir. Əgər buna qadağa, çətinlik yaradılsaydı, gənclərimiz biraz da radikallaşardı. Amma bu gün qanverənlər aksiyaya könüllü olaraq gəlirlər və bu məktəbi dərk edirlər. Azərbaycan həm iqtisadi, həm də ictimai sahədə dünyaya özün sübut edibsə, imam hüseyn məktəbi də meyar olaraq cavanlıq məktəbidir. Bu gün gənclərimizin islama axışmasına səbəb odur ki, ölkəmizdə tolerantlıq var və bütün bütün dinlərə, sektorlara azadlıq verilir. Hər bir insanın öz seçimi vicdan, əqidə azadlığıdır. Bu sahədə imkanlarımız genişdir.
- Aşura günüdə qanvermə aksiyasından əlavə, hansı tədbirlər, dini mərasimlər keçirilməlidir?
- Aşura günü qanvermə aksiyasında öz yardımlarını göstərirlər. İmam Hüseynin əzardarlığı gedir, mərsiyələr, xüsusi dualar oxunur. Günorta namazlar, ehsanlar olur. Axşama qədər dini ayinlərin yerinə yetirilməsi ilə İmam Hüseyn məktəbinə xüsusi hazırlıq məktəbi keçilib. Gənclərimizi bu sahədə daha da maarifləndiririk. Dua insanın mənəvi silahıdır. Ona görə də biz axşama qədər gənclərimizə bu məktəbin köklərini xırdalayırıq, təhlil edib, dualar oxuyub, namazlar qılırıq. Bu gecə isə Şamı-qəriban gecəsidir. Şami-qəriban İmam Hüseynin balalarının xilmələrdən uzaq olması, onların çadırlarının yandırılmasıdır. Mənim fikrimcə, Kərbala xilmələrdən qurulmuş şəhərcikdir. Artıq o şəhəcik dağıdılıb, həqq aşıqləri ölüb, ölməyənlər isə əsir olub. Bu gün gəncləri bunlara mənəvi cəhətdən aşılayıb hazırlaşdırırq ki, onlarda mənəvi təpər, dözüm yaransın. Onlar gənc olarkən qəlblərində Allahın məhəbbəti olsun. Allah məhəbbətindən böyük həyatda bir məhəbbət yoxdur. Bütün sevgilər mifdi, sonu utopiyalardır. Ancaq Allah sevgisi-əhli beyt və peyğəmbərə sevgi daimidir. Bu insanların həm dünyasına, həm də axirətinə çox böyük bir stimuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB