“21 Azər” Hərəkatının 65-ci ildönümü münasibətilə tədbir keçirilib

“21 Azər” Hərəkatının 65-ci ildönümü münasibətilə tədbir keçirilib

Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi Güney Azərbaycan Milli Hökumətinin (21 Azər Hərəkatı) 65-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, DAK Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli həmin dövr Güney Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib. Dünyanın iri dövlətlərinin Güney Azərbaycanda qurulan milli hökuməti yıxmaq üçün Rza Pəhləvi hakimiyyətinə dəstək verdiyini deyən S.Rəhimli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin 1947-ci ildə sui-qəsd nəticəsində Azərbaycanda öldürüldüyünü vurğulayıb.

 

Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim Əliyar Səfərli "21 Azər" Hərəkatının Azərbaycan tarixində yeni bir hadisə olduğunu qeyd edib. S.C.Pişəvəri haqqında orta, həmçinin ali məktəb dərsliklərində lazımı qədər məlumatın olmadığını söyləyən şərqşünas alim onun inqilabi fəaliyyətinin xalqın xatirəsində hər zaman yaşayacağını ifadə edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Tofiq Mustafazadə "21 Azər" Hərəkatının yaranma tarixindən danışaraq bildirib ki, Azərbaycan xalqının milli-azadlıq hərəkatı daha əvvəl yaranıb. O, qeyd edib ki, hərəkatın yaranmasında tarixi şərait mühüm rol oynayıb: "21 Azər" Hərəkatının yaranması tarixi prosesin məntiqi nəticəsi olub. Bu tarixi şərait SSRİ qoşunlarının İrana girməsi idi. Sonradan yaranan beynəlxalq şərait isə Güney Azərbaycanda milli hökumətin süquta uğramasına səbəb olub. Beynəlxalq şəraitə uyğun olaraq SSRİ-nin də mövqeyi dəyişib. Qərb ölkələri SSRİ-nin cənuba doğru irəliləməsini istəmirdi".

 

Daha sonra çıxış edənlər vurğulayıblar ki, indiyədək Azərbaycanda siyasi tarix anlayışı meydana gəlməyib. Qeyd olunub ki, qısa müddət ərzində Güney Azərbaycanda baş verən azadlıq hərəkatlarının üçünün də məğlub olmasının səbəbləri araşdırılmalıdır.

 

Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Güney Azərbaycanda milli hökumət qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə