Azərbaycanda dini sabitliyi pozmaq cəhdləri alınmadı

Azərbaycanda dini sabitliyi pozmaq cəhdləri alınmadı

Son günlərdə Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Əvvəlki cəhdlərdən bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri orta atıblar və cəmiyyətdə qarşıdurmağa yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Söhbət kiçik yaşlı şagirdlərin orta məktəblərə çadrada gəlməsinə icazə verilməsini tələb edən bir qrup radikal dindarın fəaliyyətindən gedir. Lakin həm dövlət, həm cəmiyyət bu məsələdə təmkinli davrandı və növbəti təxribat projesi də baş tutmadı.

Rəbiyyət Aslanova: "Bu gün Azərbaycana təqdim olunan qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır"

"Azərbaycanda nənələrimiz, analarımız kəlağayı və yaylıq örtərdilər. Bu gün Azərbaycana təqdim olunan o yad model - qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır", - bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

O bildirib ki, orta məktəblərdə şagirdlərin hicabla dərsə gəlməsi mümkün deyil: "Azərbaycan dünyəvi və hüquqi dövlətdir, dövlət-vətəndaş münasibətləri buna əsaslanır. Azərbaycanda dövlətin dinə münasibəti dünyəvilik prinsipinə söykənir. Azərbaycan məktəbləri də dünyəvi məktəblərdir. Dünyəvi məktəblərin də prinsipləri ondan ibarətdir ki, dünyəvilik qaydalarını gerçəkləşdirsin".

R.Aslanova bəyan edib ki, Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər onların tərbiyəsi üçün dövlət də məsuliyyət daşıyır: "Orta məktəblərdə öz övladının gələcək taleyini istiqamətləndirilən valideynlər də bilsinlər ki, gənclərin sabahı üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. Dünyəvi dövlətin dünyəvi məktəbinin prinsipini pozmaq, vətəndaşın dövlət qarşısındakı borclarını gerçəkləşdirməməsi deməkdir. Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri var. O vəzifələrdən biri də layiqli övlad böyütməkdir. Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər həmin gənclərin tərbiyəsinə dövlət məsuliyyəti hissi ilə yanaşır və onların dini, dünyəvi dünyagörüşünün formalaşması üçün əlindən gələni edir. Əgər 18 yaşından sonra gənc dünyəvi təhsil ocaqlarında deyil, dini təhsil ocaqlarında təhsil alacaqsa, onun geyiminə dövlət müdaxilə etmir".

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov isə bildirib ki, Azərbaycan Konstitusiyasında uşaqların dini hərəkətlərə sövq edilməsi ilə bağlı bənd yoxdur: "Azərbaycan sivil ölkədir, hər bir insanın dini azadlığı təmin olunub. Biz Azərbaycanda mütləq sivil dövlətin əsaslarını orta məktəbdə ən yüksək səviyyədə təmin etməliyik. Konstitusiyada insan haqlarının bütün tərəfləri həll olunub. Heç kimin Konstitusiyanın bəndlərini dəyişməyə ixtiyarı yoxdur".

Misir Mərdanov: "10-cu sinif şagirdi mənə hicab geyinməyə məcbur edildiyini bildirib"

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanunun 14.10-cu maddəsində hicabla bağlı məsələ öz təsdiqini tapıb. Bunu SİA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir onu da diqqətə çatdırıb ki, artıq Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı müsbət fikirlər səslənməkdədir: "Biz demirik ki, dindən imtina edirik. Hamımız müsəlmanıq, İslam dininə sitayiş edirik və bütün qayda-qanunları yerinə yetiririk. Ancaq orta məktəb şagirdləri, qız və oğlanlar müəyyən olunmuş məktəbli geyimində təhsil ocağına gəlməlidirlər. Məktəbdən çıxandan sonra hər kəs istəyinə və arzusuna uyğun olaraq geyinə bilər".

Nazir qeyd edib ki, 65 illik ömründə Azərbaycanda hicabla gəzən qadınları çox görməyib, onun sözlərinə görə ancaq ağbirçəklər, nənələr başlarına şal örtər, kimdənsə utananda yaşmaqlanardılar. O bildirib ki, hər bir insan addım atanda ətrafına yaxın və uzaq yerdə baş verən hadisələrə uyğun addım atmalıdır. Təhsil naziri, həmçinin bir neçə gün öncə nazirlik qarşısında etiraz aksiyasının keçirilməsinə də münasibət bildirib. O deyib ki, bu, müəyyən adamların, qüvvələrin xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi bir aksiyadır: "Başqa cür qətiyyən ola bilməz. Ayrı-ayrı adamlarla çoxsaylı söhbətlər aparmışıq. Hətta 10-cu sinif şagirdi mənə zəng vuraraq hicab geyinməyə məcbur edildiyini bildirib və deyib ki, ya özümü öldürəcəyəm, ya da məktəbə gedəcəyəm. Azərbaycanda insanlar vəziyyəti mentalitetə uyğun qiymətləndirməlidirlər. Həmin şəxslərə müraciət edərək bildirirəm ki, hər halda səhv yoldan çəkinmək lazımdır. Yolun yarısından qayıtmaq da özü bir uğurdur. Peyğəmbərimiz də bunu tələb edir ki, biz işıq gələn tərəfə getməliyik, qaranlıq olan yerə yox. Xalqımızın inkişafı üçün dünyada gedən proseslərə nəzər salıb, ona uyğun yol tutmalıyıq. Belə çıxmasın ki, bunu Misir Mərdanov tələb edir. Bu Azərbaycan xalqı, dövləti və dövlətçiliyi ilə bağlı məsələdir. Hər bir dövlətin bir xətti var, biz də Azərbaycan dövlətinin bu xəttini tutaraq öz işlərimizi davam etdiririk".

Səməd Seyidov: "Azərbaycan dünyaya açılan sivil bir ölkədir və burada hər bir insanın dini azadlığı təmin olunub" "Ümumiyyətlə, hicabla bağlı məsələ Azərbaycan Konstitusiyasında göstərilmiş bəndlərdə yoxdur. Bu çox ciddi məsələdir. Azərbaycan dünyaya açılan sivil bir ölkədir və burada hər bir insanın dini azadlığı təmin olunub".

SİA-nın xəbərinə görə, bu barədə son günlər ölkədə geniş müzakirəyə çevrilən hicab məsələsinə münasibət bildirən millət vəkili Səməd Seyidov deyib. O bildirib ki, ölkədə şagirdlərin yəhudi, xristian və ya müsəlman olmasından asılı olmayaraq onların hamısı üçün eyni şərait yaradılıb. S.Seyidovun sözlərinə görə, təhsil sistemini inkişaf etdirmək, dünya dəyərlərini Azərbaycana gətirmək istəyiriksə, Azərbaycanda mütləq sivil dövlətin əsaslarını orta məktəbdə ən yüksək səviyyədə tədris etməliyik. "Bu da ona istinad edir ki, konstitusiyada göstərilmiş məsələləri həyata keçirək. Heç kimin- nə siravi vətəndaşın, nə də hansısa insanın konstitusiyanı dəyişdirməyə və ya onun müddəalarını pozmağa ixtiyarı yoxdur. Konstitusiyanı diqqətlə oxusanız görəsiniz ki, orada insan haqlarının bütün məsələləri təmin olunub", - deyə o əlavə edib.

Elman Məmmədov: "Heç bir valideyn övladının başına çadra bağlayıb məktəbə göndərə bilməz"

"Azərbaycandakı kimi dini tolerantlıq heç bir ölkədə yoxdur, buna görə də hicab məsələsinin siyasiləşdirilməsinin tamamilə əleyhinəyəm". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov son günlər ölkədə geniş müzakirə olunan hicab məsələsinə münasibət bildirərkən deyib. Azərbaycanda hər bir kəsin dini azadlığının təmin olunduğunu bildirən millət vəkili bu məsələ ilə bağlı mövqeyini təhsil naziri Misir Mərdanovun da diqqətinə çatdırdığını söyləyib.

Hər bir insanın dinə baxışlarına hörmətlə yanaşdığını söyləyən E.Məmmədov orta məktəbdə hicabdan istifadənin tamamilə əleyhinə olduğunu ifadə edib: "Dinə, onun qaydalarına hörmətlə yanaşırıq. Hər bir valideyn evində övladına dinin qaydalarını, Quran oxumağı öyrədə bilər. Ancaq dinin təhsilə nüfuz etməsi yolverilməzdir. Heç bir valideyn övladının başını bağlayıb məktəbə göndərə bilməz. Bu heç də dini azadlığı məhdudlaşdırmaq deyil, bu, əslində həmin uşağın azadlığını əlindən almaqdır. Qoy həmin uşaq böyüsün, həyata özünün baxışları formalaşsın, ondan sonra özü müəyyən etsin ki, hicabdan istifadə etsin, ya yox".

Azərbaycan monolit dövlət, vahid xalq, tolerant cəmiyyət modelini seçibə və bu yoldan dönməyəcəyini ortaya qoyub. Azərbaycanda xalq və dövlət arasında qırılmaz bağlar var ki, bunu heç bir daxili və xarici qüvvə qoparmaq iqtidarında deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə