Eldar Mansurov: “Yazıb-yaratmaq üçün ya bərk kədərli ya da ki çox sevincli olmalısan”- MÜSAHİBƏ
Əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun SİA-ya müsahibəsi:
- Sizi bəstəkarlıq sənətinə gəlməyə nə vadar etdi?
- Mənim bu sənətə gəlməyim nəslimizlə bağlıdır. Bizim nəslimiz musiqiçilər nəsli olub. Ailəmizdə musiqiyə daha çox maraq göstəriblər. Bu da ondan irəli gəlirdi ki, ulu babalarımın həm musiqiyə, həm də poeziyaya böyük marağı olub. Bu maraqda babama, ondan da atama- tanınmış tarzən olan Bəhram Mansurova keçib. Təbiidir ki, bu istək və maraq atamdan da bizə keçib. Evdə üç qardaş idik. Anamın arzusu o idi ki, oğlanlarından biri bəstəkar, biri tarzən, biri də dirijor olsun. Mənim də bəxtimə bəstəkar olmaq düşdü.
- Sizin müsahibələrinizin birində oxumuşduq ki, Azərbaycan nə yaşamağa, nə də ki yaratmağa əlverişli məkan deyil...
- Bir məsələyə aydınlıq gətirim ki, bu sözlər çoxdan deyilən fikir idi. Bu fikri 90-cı illərin sonlarında bildirmişdim və o vaxt musiqinin vəziyyəti elə də ürəkaçan deyildi.
- Bu sənətə addımını yenicə qoyan gənclər bu işin məsuliyyətini dərk edirlərmi?
- Bir sənəti dərk etmək üçün sənətlə məşğul olmaq lazımdır. Hər zaman gənclərə olan köməyimi əsirgəməmişəm. Kim gəlib məndən nə xahiş edibsə, əlimdən gələni etmişəm. Gərək hər zaman öz sənətinin kamil bilicisi olasan ki, kimsə sənə irad tuta bilməsin. Üzümü gənclərə tutub deyirəm ki, nə istəyirsiniz edin, ancaq öz işinizin peşəkarı olun.
- Musiqi aləmində çoxları sənətçi və sənətkar sözlərindən istifadə edirlər. Bu sözlərin fərqi nədir?
- Sənətçi və sənətkar kəlməsi demək olar ki, eyni köklü sözdür. Sadəcə sonluq fərqləri var. İndi hamı hər şeyi televiziyadan və mətbuatdan izləyir. Mətbuatda və televiziyada bu sözlərin yerində işlədilməsinə fikir verilməlidir. Əsasən buna mətbuat işçiləri diqqət yetirməlidirlər.
- Zəmanəmizin bəstəkarlar üçün qoyduğu ən böyük tələb nədir?
- Zəmanə heç bir sənət adamına tələb qoymur. Yaradıcı insanlar ürəkləri istədiyi əsər üzərində hər zaman işləyib, yaradıblar. Ancaq sifarişlə də işləyənlər var. Bu başqa şeydir, pulunu verirlər yazırsan. Lakin azad sənətkar olduqda ürəyin istədiyini yazırsan. Mən məsələyə bu tərzdən yanaşıram.
- Sizin mahnılarınız əvvəllər daha məşhur idi, maraqlıdır ki, həmin məşhurluq yenə də qalırmı?
- Məşhur olmasaydım, indi mənim yanıma müsahibəyə gələrdiniz? (gülür...) Düzünü deyim ki, bir çox mahnılarım hələ də oxunur və dinlənilir. Ona görə də hesab edirəm ki, bəstələrim dəbdən düşməyib. Onu deyim ki, hər bir kəsin öz dinləyicisi var. Misal olaraq o zaman bir mahnını yazıb verirdim. Həm gənclər, həm də yaşlı nəsil oxuyurdu. Ancaq indiki gənclər daha çox R&B-ni və digər yeni musiqi növlərini sevirlər. Hər şeyin öz zamanı var. Sizcə Emin Sabitoğlu, Rəşid Behbudov unudulubmu? Hərdən restoranlarda mənim bəstələdiyim mahnılar da oxunur. 90-cı illərdə bəstəkarlar bugünki qədər çox deyildi. İndi hər mahnı yazan özünə bəstəkar deyir. Mən hər ifaçı ilə işləmirəm, çünki hər bəstəkarın üslubuna görə öz müğənniləri olur, daha çox onlar üçün yazıram. Misal olaraq Mübariz Tağıyev, Yalçın Rzazədə, Brilliyant Dadaşova və başqaları. Onlar gənclik illərimin ifaçılarıdır.
- Bəyəndiyiniz gənc bəstəkarlar varmı?
- Bəstəkarlıq işi çox məsuliyyətlidir. O, gərək musiqinin bütün janrlarında yazmağı bacarsın- həm səhnə əsərləri üçün musiqi, həm simfonik əsərlər, həm xalq çalğı alətləri üçün, həm xor üçün əsərlər yaza bilsin. Bax bəstəkar budur. Gənc bəstəkarların musiqisinə qulaq asanda görürsən ki, bu mahnının bir hissəsi bir mahnıdan, digər hissəsi isə başqa mahnıdandır. İndiki gənclərə tövsiyəm odur ki, əgər məşhur və dinlənilən bəstəkar olmaq istəyirlərsə, öz üzərlərində çox çalışsınlar.
- Hansı halların baş verməsi mədəniyyətimizin inkişafını zəiflədə bilər?
- Mənim fikrimcə, musiqimizdəki problemləri həll etmək üçün ilk növbədə Bədii Şuralar yaradılmalıdır. Bu gün Bədii Şura deyəndə hamı bu sözdən qaçır, cəmiyyətimiz elə düşünür ki, belə olan halda yenidən sovet məkanına qayıdırıq. İnanın ki elə deyil. Bədii Şuranın üzvləri sənətimizin tanınmış şəxsləri olmalıdır ki, onların sözü keçərli olsun. Yalnız o zaman musiqi mədəniyyətimiz yüksək səviyyədə ola bilər.
- Xalqa qalacaq ən böyük bina onun mədəniyyətidir, bəs bu binanın sakinləri kimlərdir?
- Çox şükür edirəm ki, həmin binada mənim üçün də yer tapılıb. Bu binanın sakinlərinin hamısı azərbaycanlılardır. Elə mən də bütün musiqilərimi xalqım üçün yazıram. Əsas odur ki, yazdıqlarım sizlərin ürəyincə olsun. Vaxt gələcək hamımız bu dünyadan köçəcəyik. Ancaq insanlara qalan bircə bəstələrimiz olacaq.
- Bəstəkarlıqla indi pul qazanmaq olmur?
- Yox. Ona görə də indi çox bəstəkar yoxdur.
- Ancaq qazananlar var ki, bunlarda baxmayaraq ki qeyri- peşəkarlardır. Bəs onlar necə qazanırlar?
- Onlar tamam başqa şeylərdir.
- Maraqlıdır ki, peşəkar insan o qədər əziyyət çəkir, ancaq normal qazana bilmir. Amma qeyri-peşəkar birisi qazanır. Sizcə, balans nədə pozulur?
- Kim deyir ki, təkcə musiqidə balans pozulub? Ən böyük balans elə təbiətdə pozulub. Dünya estradasına nəzər salsaq, görərik ki, hazırda onlar da ifaçı tərəfindən korluq çəkirlər. Eləcə də mahnı janrı. Fikir verin ki, bütün dünyada əksər hallarda retro musiqisinə qayıdırlar. Əvvəllər hansısa müğənni oxuyanda adını əzbər bilirdik. Ancaq indi gündə biri çıxır. Adam heç yadında da saxlaya bilmir.
- "Eurovision"la bağlı namizədlərimizin oxuyacağı mahnılar üçün bizim bəstəkarlara müraciət olunurmu?
- Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Bu yarışmanın təşkilatçıları tamam başqadır. Onlar hər şeyi özləri seçirlər.
- Bildiyimiz kimi, Cövdət Hacıyevin sinfində dərs almısınız, ancaq mahnı janrına üstünlük vermisiniz, buna səbəb nədir?
- Mən təkcə mahnı bəstəkarı deyiləm. Mən hər zaman ciddi musiqilərlə məşğul olmuşam, bu sahədə çoxlu əsərlərim var. Əvvəllər mahnı ilə ona görə məşğul olmuşam ki, dolanmaq lazım idi. Görürdüm ki, mənim mahnılarıma təlabat var, mən də yazırdım.
- Elə bir mahnı olub ki, onu yazasınız və ifaçısını da seçib ancaq sonra fikrinizdən daşınıb kənara qoyasınız?
- Hə olub.
- Bəs bəyənmədiyiniz müğənniyə mahnı vermisiniz?
- Hə vermişəm. Ancaq indi daha belə səhvlər eləmirəm.
- Bəzi sənət adamları nədənsə ilham mənbəyi alırlar, bəs sizin ilham mənbəyiniz nədən irəli gəlir?
- Məncə yazıb- yaratmaq üçün ya bərk kədərli olmalısan, ya da ki çox sevincli olmalısan. Elə belə oturub yazdım, düzgün deyil.
- İndi yeni mahnılar yazırsınız?
- Hazırda əsasən dostlarım üçün mahnılar yazıram. Daha sonra isə orkestr üçün musiqi yazıram. Bu yaxınlarda simfonik rəqslər yazmışam. Bundan sonra da 1-2 dənə xareoqrafik kompozisiyalarımda olmalıdır. Düşünürəm ki, nə vaxtsa bütün bunları səhnəyə çıxarda bilərəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB