Redaktorlar Azərbaycan mətbuatının perspektivini necə görürlər? - SORĞU (LAYİHƏ)
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid yazılı mətbuatın iqtisadi cəhətdən geri qaldığını deyir: "Azərbaycan mətbuatının müstəqil mediası Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi ən böyük uğurlardan biridir. Bu illərdə Azərbaycan mətbuatının çətin dövrləri də, uğurlu məqamları da olub. Neçə illərdir ki, biz bu mətbuatda fəaliyyət göstəririk və həmişə də Azərbaycan mətbuatının güclü biznes strukturuna çevrilən, ictimai rəyə dərin təsir edən resurs kimi görmək istəmişik. Və bu illərdə müəyyən qədər uğurlu məqamlarımız və addımlarımız da olub. Ancaq təəssüf ki, bizim arzuladığımız və istədiklərimizin hamısı həyata keçməyib. Mən həmişə Azərbaycan mətbuatının güclü mətbuat olmasını arzulamışam. İstərdim ki, yeni müstəqillik dönəmində formalaşmağa başlayan müstəqil mətbuatın həm güclü iqtisadi bazası yaransın, həm də KİV-in öz ofis, texniki avadanlıq, bölgələrdə büroları olsun və jurnalistlərimizin sosial şəraiti yaxşı olsun, onlar normal əməkhaqqı alsınlar. Təəssüf ki, bugünkü reallıq belədir ki, Azərbaycan jurnalistləri demək olar qəpik-quruş alırlar. Azərbaycan qəzetlərinin və yazılı mətbuatın iqtisadi vəziyəti çox aşağıdır. Bizim ölkədə reklam bazarı gülünc vəziyyətdədir. Bu baxımdan arzularımızın hələ ki yaxın vaxtlarda reallşması görünmür. Amma şübhəsiz ki, biz tam pessimist də deyilik və inanırıq ki, Azərbaycan mətbuatı Qafqaz regionunda öz iqtisadi bazası və peşəkar jurnalistləri ilə güclü mətbuat orqanlarından birinə çevriləcək".
"Reytinq" qəzetinin redaktoru Seymur Verdizadə Azərbaycanda mətbuatın IV hakimiyyətə yüksələ bilmədiyini fikirləşir: "Normal ölkələrdə mətbuat özünü IV hakimiyyət hesab edir. Təəssüf ki, Azərbaycan mətbuatı bu yüksəkliyə qalxa bilməyib. Buna baxmayaraq, mətbuat işçiləri özlərinin haqqı olan hakimiyyət pilləsində öz yerlərini əldə etmək üçün mütləq mübarizə aparmalıdırlar. Əgər mübarizə aparmaqla həqiqətən IV hakimiyyətə çevrilə bilsək, Azərbaycan mətbuatının perspektivi, gələcəyi parlaq olacaq. Yox əgər Azərbaycanın media təmsilçiləri mətbuat işçilərini buyruq quluna çevirsələr, ancaq təsisçilərin, gözəgörünməz sponsorların və qaranlıq qüvvələrin sifarişlərini yerinə yetirsələr, mətbuatımızın gələcəyi bir o qədər də ürəkaçan olmayacaq. Hesab edirəm ki, Azərbaycanda mətbuatın missiyasını dərk edən xeyli sayda qələm sahibi var. Mənə elə gəlir ki, Azərbaycan mediası mətbuatı dərk edən insanların çiynində yüksələcək".
"Azərbaycan" qəzetinin şöbə müdiri İxtiyar Hüseynli bildirib ki, Azərbaycan mətbuatının perspektivini çox uğurlu görür: "Əminəm ki, beynəlxalq miqyasda mətbuatda gedən proqressiv proseslərin müsbət təsiri Azərbaycana da sirayət edəcək. Bu gün bizim mətbuatın üzləşdiyi ən çətin problemlər reket jurnalistika, jurnalistlərin xeyli hissəsinin öz sənətindən xəbərdar olmaması və peşəkarlığın aşağı səviyyədə olması kimi hallardır. Azərbaycanda yeni nəsil jurnalsitlərin yetişməsində də çox ciddi problem var. Və bu problem mətbuatımızın uğurlu olmasının qarşısını alan yeganə amildir. Bunun da əsas səbəbi odur ki, özəl və dövlət ali məktəblərinin jurnalist ixtisası üzrə yetişdirdiyi tələbələrin keyfiyyəti, səviyyəsi və sambalı müvafiq tələblərə cavab vermir".
APA-nın baş direktoru Vüsalə Mahirqızı düşünür ki, Azərbaycan mətbuatının perspektivi rəngarəngdir: "Mən hesab edirəm ki, ümumilikdə perspektiv məsələsinə fərdi yanaşmaq lazımdır. Azərbaycanda bəzi mətbuat orqanları var ki, biz daxil olmaqla, onların çox işıqlı perspektivini görürəm. Amma elə media qurumları da var ki, onların siyasəti və xəbərə yanaşmaları dəyişməlidir, əks halda heç vaxt biznes obyektinə çevrilməyəcəklər. Biznes obyektinə çevrilməyən media qurumunun heç bir perspektivini görmürəm. Ümumiyyətlə, Azərbaycan mətbuatı üçün perspektiv olaraq onu görürəm ki, dünyanın bütün normal sağlam ölkələrində olduğu kimi, ölkəmizdə də media yavaş-yavaş biznes vasitəsinə çevriləcək, medianı idarə edən insanlar mediaya pul qazanmaq vasitəsi kimi baxacaqlar. Mən hesab edirəm ki, rəngarəng xəbər verən, oxucunun zövqünü oxşamağa çalışan media da onda ortaya çıxacaq. Çünki indi bizim media qurumları oxcunun onun haqqında nə düşündüyünə o qədər də önəm vermir. Konkret olaraq onlarda ancaq bəlli siyasi kurs var, hansısa maraq var və həmin marağın hesabına fəaliyyət göstərirlər. Onlara heç də maraqlı deyil ki, materiallları kimsə alır, oxuyur və ya ona reklam verən var, yoxdur. Amma o zaman ki, artıq bu sahəyə pul qoyulacaq və məqsəd də o pulu geri qaytarmaq, daha çox qazanmaq olacaq, onda media qurumları daha effektli xəbər yaymağa, daha rəngarəng olmağa və oxucunun nə istədiyini araşdırmağa, reklamçının tələbini araşdırmağa meylli olacaqlar. Yəni mən bütün perspektivi bunda görürəm. Hansı qurumlar özlərinə biznes proyekt kimi baxacaqlarsa, bütün xəttlərini də buna istiqamətləndirəcəklərsə, həmin qurumların yaşamaq haqqı olacaq və mübarizədən də qalib çıxacaqlar. Hansı qurumlar ki, təbliğat və rupor rolunu oynayacaqlar, onlar bugün də olmasa, 3 il və ya 5 il sonra mətbuatdan silinəcəklər. Mən Azərbaycan mətbuatının gələcəyini çox işıqlı görürən və inanrıram ki, bu sahədə bir neçə holdinq olacaq"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB