"Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" TƏDBİR

"Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" TƏDBİR

Bu gün Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin təşkilatçılığı ilə YAP Siyasi Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli Vüqar Rəhimzadənin ictimai-siyasi fəaliyyətinə nəzər salaraq, onun Ulu Öndər Heydər Əliyevə "Azərbaycan sizin yolunuzu gözləyir" müraciətini imzalayan məşhur "91-lər"dən biri kimi tanındığını diqqətə çatdırdı:"Baş redaktoru olduğu "İki sahil" qəzeti 1991-ci ildə, ölkəmiz üçün son dərəcə ağır dönəmdə yaradıldı. O vaxtlar Vüqar Rəhimzadə təzyiqlərə və çətinliklərə baxmayaraq, rəhbərlik etdiyi qəzetin səhifələrində cəsarətlə Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə Şəxsiyyətin məhz Heydər Əliyev olduğunu xüsusi vurğulayırdı. V.Rəhimzadə II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmiş, 2003-cü ildən Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Cənab Prezidentin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüşdür və 50-dən artıq elmi əsərin müəllifidir".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyərək, V.Rəhimzadənin müasir Azərbaycan mətbuatına töhfələr verdiyini bildirib: "Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı hazırkı inkişaf səviyyəsinə çatana qədər olduqca uzun və çətin bir yol qət etmişdir. Əvvəllər qəzetlər indiki kimi azad və demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından söhbət gedə bilməzdi. Cəmi bir neçə adda çıxan qəzetlər var idi ki, onlar da günlərlə senzuradan keçməyi gözləyirdilər. Heç bir jurnalist ölkənin gərgin vaxtlarında cəsarətli yazılarla çıxış etməyə risk etmirdi".

V.Səfərli V.Rəhimzadənin Ulu Öndər Heydər Əliyev haqqında cəsarətli yazılarla çıxış etdiyini, Azərbaycanın taleyini kökündən dəyişən bir hərəkatın "91-lər" hərəkatının üzvü olduğunu bildirib. Mətbuatımızın ölkənin yenicə müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan V.Rəhimzadənin təqdim etdiyi monoqrafiyanın həm də söz və mətbuat azadlığının tarixinin öyrənilməsi baxımından olduqca önəmli olduğunu qeyd etdi.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid belə bir görüşün xüsusilə Jurnalistika fakültəsinin tələbələri arasında keçirilməsini yüksək qiymətləndirərək nəzərə çatdırdı ki, V.Rəhimzadə təqdim etdiyi monoqrafiya xüsusilə gənclər üçün daha çox lazımlıdır. Həm pedoqoji fəaliyyətlə məşğul olub jurnalistikanı tədris etmək, həm də qəzet redaktoru olmaq olduqca çətin və məsuliyyətli bir işdir, - deyən R.Məcid bildirib ki, onun bu işi uğurlu şəkildə aparması üstün keyfiyyətlərindəndir: "Hesab edirəm ki, tədbirin xüsusilə jurnalistika fakültəsi tələbələrinin iştirakı ilə keçirilməsi həm tələbələr, həm də mətbuatımızın gələcəyi üçün xeyirlidir".

Tədbirdə çıxış edən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli kitabdakı ən önəmli məqamlardan birinin söz və mətbuat azadlığının mahiyyətinin açılması və bu azadlığın fəlsəfi əsaslarının ortaya qoyulması olduğunu bildirib: "Ən önəmlisi isə odur ki, mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının mahiyyətini də tədqiq edib oxucuya çatdırır. Bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı önəmli faktlar ortaya qoyur. Digər önəmli məqam kitabda Avropa İnsan Haqları Məhkəməsinin söz və fikir azadlıqları ilə bağlı qəbul etdiyi qanunların qeyd olunmasıdır. Bu, əslində böyük zəhmət tələb edən bir işdir və xeyli sayda mənbədən istifadə olunub. Bu baxımdan hesab edirəm ki, Vüqar Rəhimzadənin bu gün təqdimatı keçirilən monoqrafiyası xüsusilə gənclərin mövzu ilə bağlı araşdırmalarına yaxından köməklik göstərəcək bir vəsaitdir".

Tədbirdə BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru Allahverdi Məmmədyarov, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxış edərək, diqqətə çatdırıblar ki, kitabda xeyli sayda mənbələrdən istifadə edilib. Bu qədər mənbəyə əsaslanan bir monoqrafiyanı qələmə alıb nəşr etdirmək elə də asan başa gəlməyib. bu nəşr sistemli şəkildə mətbuata öz töhfəsini verəcək.

Sonda çıxış edən Vüqar Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə