Eyyub Hüseynov: "Ölkəmizə gətiriləcək məhsulların və tərəvəzlərin yoxlanışı ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik" - Müsahibə
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun SİA-ya müsahibəsi
- Azərbaycanın xarici ölkələri ticarət münasibətləri haqda nə deyə bilərsiniz?
- Azərbaycan iqtisadi sahədə sonsuz irəliləyişlər əldə edib. Ticarət əlaqələrinə gəldikdə isə bunun haqqında kifayət qədər danışmaq mümkündür. Artıq ölkəmiz xarici ölkələrlə ticarət dövriyyəsini 41% artırıb. Bu artım ticarət sahəsində Azərbaycanın özünü doğrultduğunun göstəricisidir. Çünki artıq xarici ölkələr arasında Azərbaycana inam var, əvvəllər ticarət əlaqələrini qurmaqda tərəddüd edən dövlətlər indi çox rahatlıqla ölkəmizə güvənirlər. Bu da getdikcə Azərbaycanın iqtisadi inkaşafına zəmin yaradır.
- Qış mövsümü ilə əlaqədar məhsulların qiymətində hansı dəyişikliklər müşahidə olunur?
-Təbii ki, qış fəslinin gəlməsi ilə əlaqədar məhsulların qiymətlərində artım müşahidə olunur. Ümumiyyətlə fəsillər həmişə məhsulların qiymətinə birmənalı şəkildə təsir edir. Məsələn, qışın gəlməsi qış fəslinə aid olan bir çox meyvələrin qiymətlərinin artmasına səbəb olur. Ona görə də bir sıra məhsullarla yanaşı meyvələrin qiymətində də artım gözlənilir.
- Qiymət artımlarına fəsillərdən başqa daha hansı amillər təsir edir?
- Fəsillərin dəyişməsi ilə yanaşı, təlabat da qiymətlərə təsir edən amillər sırasındadır. Yəni hansı məhsula təlabat daha çoxdursa onun qiyməti avtomatik olaraq artır ki, bu da normal qəbul edilir. Təbii ki, bunun süni şəkildə olmasının tərəfdarı deyilik. Amma yenə də bunu təəccübləndirici hadisə kimi qiymətləndirmək doğru deyil. Bütün bunlarla yanaşı, istehsal da diqqətdən yayındırılmayacaq səbəbdir. Yəni, əgər il ərzində istənilən məhsulun istehsalında azalma olursa məcburi şəkildə başqa ölkələrdən həmin məhsul ölkəmizə idxal edilir. Buğda və taxıl buna misaldır. Taxılın istehsalı az olduğundan idxala üz tuturuq və bu da birmənalı şəkildə qiymətlərdə öz təsirini göstərir.
- Qış mövsümü ilə əlaqədar hansı məhsullarda azalma müşahidə edilir?
- Hazırda bu tam müəyyənləşdirilməyib. Amma hər il müxtəlif meyvələrin və tərəvəzlərin istehsalında azalma müşahidə edilir. Təbii ki bu problem olmur, çünki əgər hansısa məhsul azdırsa onun yeri xaricdən gələn məhsullarla tamamlanır. Bu il də hər il olduğu kimi, az olan məhsullar idxal ediləcək. Amma hazırda bu taxıl sahəsində daha çox özünü göstərir. Belə məqamda qeyd etmək lazımdır ki, məhsulun azalması yox, ona olan təlabat önəmlidir.
- İdxal olunan məhsulların yoxlanışı ilə bağlı hansı tədbirlər görülür?
- Ölkəmizə gətiriləcək məhsulların və tərəvəzlərin yoxlanışı ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik. Ölkəyə gətirilən məhsulların sanitar yoxlanışı çox önəmlidir. Xaricdən gələn bir çox məhsulların tərkibində bəzi zərərli maddələr olur və yoxlanış zəif olduqda ölkəmizə keçən bu cür məhsullar sağlamlığa zərər verir. Ona görə də biz Nazirliyə təklif etmişik ki, tətbiq olunan yoxlanışa diqqəti artırmaq üçün tədbirlər görülsün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB