Şəhəri zibilləməklə "təmizkarlıq" nümayişi ARAŞDIRMA

Şəhəri zibilləməklə "təmizkarlıq" nümayişi ARAŞDIRMA

Nədənsə ekoloji təmizlik bəzi insanları narahat edir. Belə olmasaydı, bəzi insanlar zibili eyvandan həyətə, yaxud küçəyə atmaz, qapısının kənarına qoymaz və oturduğu yeri zibilləməzdilər. Etdikləri əməllərin fərqinə varmayan bəzi insanlar düşünmür ki, ətraf mühitin çirkləndirilməsi həm sağlamlıq üçün təhlükəli, həm qanun pozuntusu, həm də gündən-günə inkişaf edib, gözəlləşən ölkəmizin imicinə mənfi təsir edən amillərdən biridir. Təəssüfedici məqam odur ki, ayrı-ayrılıqda hər birimiz bunun düzgün hərəkət olmadığını bilsək də, əməllərimiz tam tərsini göstərir. Hər gün küçədə yerə tüpürən, siqaret kötükləri atan şəxsləri görəndə, avtobus dayanacaqlarında boş butulkalar, siqaret qutuları, çeynənib atılmış saqqız və digər zibil tullantıları rastımıza çıxanda artıq təəccüblənmirik. Bəs çoxmilyonlu şəhərimizdə qarşılaşdığımız bu cür halların - natəmizliyin qarşısını necə almaq olar, onu yaradanlara qarşı hansı tədbirlər görülməlidir, yaxud ekoloji maarifləndirmə effektif üsul sayıla bilərmi? Bu barədə növbəti araşdırmamızda...

"01-15 sentyabr tarixlərində ekoloji qanunvericiliyin pozulması ilə bağlı 221 akt tərtib olunub"

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 01-15 sentyabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını dair aparılan yoxlama nəticəsində hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 221 akt və protokol tərtib olunub: “Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli “məcburi göstəriş” verilib. Ümumilikdə, 53 iş üzrə 32600 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 33 iş üzrə 39843,48 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 104 iş üzrə 29511,71 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 38, icra qurumlarına 30, məhkəmələrə isə 4 iş göndərilib”.

Nazirlik tərəfindən verilən açıqlamada bildirilir ki, qurum bu sahədə mütəmadi olaraq monitorinqlər həyata keçirir: “Nazirliyin bütün rayonlarda monitorinq və təbliğat qrupları fəaliyyət göstərir. Bununla yanaşı, ərazi ekologiya şöbələri də ətraf mühitin çirkləndirilməsi ilə bağlı məsələlərlə məşğul olur. Reydlər keçirilir, qanun pozuntuları aşkar edilir. Torpaq sahələrinin korlanması, su hövzələrinin və atmosferin çirklənməsi, yerin təkindən qanunsuz istifadə, qanunsuz ov etmə və s. bu kimi hallara qarşı tədbirlər görülür. Bu kimi hallar aşkarlanarsa, sənədləşdirilir və tədbirlər görülür”.

"Paytaxt Bakıda insanların təmizlik məsələlərinə ciddi fikir verməsinə böyük ehtiyac var"

Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkəmizdə xüsusilə də paytaxt Bakıda insanların təmizlik məsələlərinə ciddi fikir verməsinə böyük ehtiyac var: “İlk növbədə əhalinin özünün təmiz şəraitdə yaşaması onlar üçün rahatlıq, səliqəlilik, gözəllik yaradır. Digər tərəfdən bu, ölkəmizin imici baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizə gələn turist çoxluğunu nəzərə alsaq, bu baxımdan da təmiz və səliqəli olmaq vacibdir. Çünki, ölkəmizin təmiz və səliqəli olması turistlərin ölkəyə baxışında hədsiz dərəcədə mühüm rol oynayır. Mən də başqa ölkələrə səfərlər edirəm, zir-zibil görəndə həmin şəhər dərhal gözümdən düşür. Həmin şəhərin başqa yaxşı cəhətlərini bilsəm belə, küçədəki natəmizlik, səliqəsizlik ölkə haqqında fikirlərimə təsir edir. Ona görə də biz bu məsələyə kifayət qədər ciddi baxmalıyıq”.

"Təmizlik təkcə yerə zibil atmamaqla deyil"

Sosioloq söyləyib ki, təmizlik təkcə yerə zibil atmamaqla deyil, bura natəmiz hərəkətlər də daxildir: “Parklar, küçələr təmiz olub, natəmiz hərəkətə yol verməyin özü də mənfi təəssüratlar yaradır. Bu cür halların qarşısının alınması üçün çox yaxşı nümunə Naxçıvan Muxtar Respublikasında var. Başqa ölkələrə isə nəzər yetirdikdə isə, bu məsələlərə Norveçdə həssaslıqla yanaşılır. Belə ki, orada insanlar ətraf mühitin çirkləndirilməməsinə diqqətlə yanaşır və yerə düşən zibili götürüb zibil qutusuna atır. Başqa Avropa ölkələrində də belə nümunələri görmək mümkündür”.

"Problemi aradan qaldırmaq üçün ciddi fəaliyyət proqramı olmalıdır"

Ə.Qəşəmoğlu qeyd edib ki, ölkəmizdə şəhəri zibilləyənlərə qarşı mübarizədə təkcə maarifləndirmə və inzibati metodlar yetərli deyil: “Bu sahədə nəticə əldə etmək üçün kompleks metodların həyata keçirilməsi zəruridir. Maarifləndirmə və inzibati cəzalar həyata keçiriləcək işin bir tərəfidir. Bura sistemli yanaşma metodu mütləqdir. Çünki, cəmiyyətimiz gündən-günə mürəkkəbləşir. Belə olan halda, birtərəfli uğur əldə etmək olmaz. Mütəxəssislərin iştirakı ilə ciddi fəaliyyət proqramı olmalıdır. Bu fəaliyyət proqramında gənclərimizin ictimai yerlərdə təmizliklə bağlı davranışlarındakı problemlərin aradan götürülməsi üçün televiziyaların, sosial şəbəkələrin üzərinə düşəcək işlər, qanunvericilikdə dəyişiklər, inzibati metodlarla bağlı həyata keçiriləcək tədbirlər öz əksini tapacaq ki, bu, problemin qarşısını alınmasında böyük rol oynayacaq. Bəzən kiməsə yeri zibilləməməklə bağlı irad bildirəndə “biz müsəlmanıq düzəlmərik” kimi cavablar eşidirik. Bu, qəbul edilməzdir. Müsəlmanlarla bağlı belə fikir yaratmaq olmaz. Bu ictimai fikir təcili şəkildə dəyişilməlidir. Bu baxımdan hesab edirəm ki, ciddi fəaliyyət planına böyük ehtiyac var. Sadə mühitdə məsələni həll etmək daha asandır. Xüsusilə də Bakıda məsələ daha mürəkkəb olduğundan burada birtərəfli metodlar nəticə verə bilməz. İnsanlar bilməlidir ki, onların bir-birinə üstünlüyü məhz mədəni davranışlarından keçir, natəmiz hərəkətləri və kobud davranışları ilə deyil”.

"Natəmizlik insanlarda bir vərdişdir"

Psixoloq Leyla Qasımova bildirib ki, natəmizlik insanlarda bir vərdişdir: “Onlar etdikləri hərəkətin fərqinə varmadıqları üçün hər zaman bu hərəkətləri təkrar edirlər. Belə insanlar üçün şəhəri zibilləmək və ya natəmizlik etmək səhər yuxudan durub çay içmək kimi normal haldır. İnsanların bu vərdişləri tərgitməsi üçün onlar ilk növbədə etdikləri hərəkətin fərqinə varmalıdırlar. Bir çox insanlar bilməklə fərqin olmağı düzgün ayırd etmirlər. Hər kəs bilir ki, çox şəkər ziyandır amma bunu tərgitmək istəmir. Problem də məsələnin fərqinə varmaqdadır. Nəyisə tərgitmək üçün ilk növbədə bunu bilmək, fərqində olmaq, üçüncü mərhələdə isə vərdişi tərgitmək lazımdır. Vərdiş 3 ay ərzində formalaşır və bu müddət ərzində də tərgidilir”.

"Uşaqlar evdə gördüklərini təkrar edirlər"

L.Qasımova söyləyib ki, uşaqların natəmizliklə bağlı vərdişləri isə böyüklərdən gəlir: “Çünki, onlar ətrafda nə görürsə, onu da öyrənir. Əgər böyüklər bu cür vərdişləri tərgitsə, uşaqlar da tez zamanda bu vərdişlərdən imtina edə bilərlər. Uşaqlara sözlə deyil, hərəkətlə başa salmaq lazımdır. İnsanların şəhərin təmizliyinə ciddi fikir vermələri üçün maarifləndirmə tədbirləri yalnız 70-80 faiz effekt verə bilər. Misal üçün əgər uşağa məktəbdə bu hərəkətlərin düzgün olmaması ilə bağlı təlim keçirilir və həmin uşaq evə gedib əksini görürsə, o zaman bu təlimin heç bir əhəmiyyəti olmur. Bəzən insanlar “evimi təmizləmişəm çöldən mənə nə” kimi ifadələr səsləndirirlər. Amma belə deyil, onlar natəmizliyin səbəb olduğu xəstəliklər, fəsadlar haqqında öyrənməli və bu vərdişlərindən əl çəkməlidirlər”.

Bəs qanunvericilik nə deyir?

Məsələnin hüquqi tərəfləri haqqında məlumat verən hüquqşünas Səməd Vəkilov bildirib ki, bu məsələlər İnzibati Xətalar Məcəlləsinin 271-ci ("sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi") maddəsi ilə tənzimlənir: “Bu maddəyə görə, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə, hüquqi şəxslər 6500 manatdan 8000 manatadək məbləğdə cərimə edilir”.

"Zibil atmaqla başqasına xəsarət yetirməyə görə 7 il həbs cəzası nəzərdə tutulur"

Hüquqşünas qeyd edib ki, vətəndaşlar zibil tullantısı zamanı xəsarət aldıqları zamanı polisə şikayət edə bilərlər: “Misal üçün əgər kimsə öz eyvanından atdığı zibillə başqasının bədəninə xəta yetirmiş olursa, bunun üçün qanunvericilikdə ehtiyatsızlıqdan törədilən inzibati xəta ilə bağlı məsuliyyət nəzərə tutulur. Həmin şəxs polisə müraciət edib ona xəsarət yetirən şəxslə bağlı şikayət edə bilər və həmin şəxslər az ağır cinayət məsuliyyətinə görə, 2-7 il müddətinə azadlıqdan məhrum edilə bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə