"Film və seriallarda Azərbaycan dilinin saflığının qorunması" TƏDBİR-FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin saflığının qorunması” layihəsi müvəffəqiyyətlə icra olunub, son illərdə istehsal olunmuş bədii filmlərdə və teleseriallarda Azərbaycan dilinin istifadəsinə yol verilən ciddi qüsurlar aşkar edilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən konfransda layihənin yekunları ətraflı təhlil edilib, mövcud qüsurlar, onların aradan qaldırılması yolları geniş müzakirə olunub.
Konfransı giriş sözü ilə açan layihənin rəhbəri, “Azad Hərəkatçılar” İctimai Birliyinin sədri Təhmasib Novruzov layihənin icrası zamanı aparılan araşdırmalar, onun nəticələri barədə qısa məlumat verərək, bu istiqamətdə layihələrin əhəmiyyətindən, “Azərbaycan dilinin qloballaşması şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın həyata keçməsində vətəndaş cəmiyyətinin rolundan danışıb. Layihə çərçivəsində istehsal edilmiş “Kinomuz və dilimiz” sənədli filminin nümayişi, bu sahədə qüsurların ciddiliyini bir daha göstərdi.
Filmin nümayişindən sonra layihənin ekspert qrupunun rəhbəri, AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Sevinc Əliyevanın məruzəsi dinlənilib. Konfransda çıxış edən ADPU-nun professoru, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Dil Komissiyasının üzvü Buludxan Xəlilov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın xalq artisti Azad Şükür, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri, şair Qəşəm Nəcəfli və digərləri çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasına bütün cəmiyyətin ciddi yanaşmalı olduğu, film və serial müəlliflərinin bu sahədə mövcud olan qüsurların aradan qaldırılması işinə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd ediblər. Konfransda ADPU-nun filologiya fakultəsinin tələbəsi Aysu Əsədovanın ifasında Bəxtiyar Vahabzadənin “Ana dili” şeri ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB