Azərbaycanın məşhur alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin (BDU) "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 86 yaşında vəfat edib.
Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb.
Xatırladaq ki, mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi.
Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.
Qara Mustafayev "Yaşıl çay" jurnalının redaksiya heyətinin fəal üzvlərindən biri idi. Jurnalımızın daha samballı çıxmasında öz məsləhətlərini bizdən əsirgəmir, elmi-publisistik məqalələri ilə jurnalda müntəzəm çıxış edirdi. Qara müəllim Cənub bölgəsinin , onun nadir təbiətinin vurğunu idi. Moskvada aspiranturada oxuyarkən ilk praktikasını da Lerik rayonunda keçirmişdi. Müsahibələrindən birində bu haqda belə deyib: “Heç yadımdan çıxmaz aspiranturada oxuyurdum. Elmi işimlə əlaqədar Moskvadakılara dedim ki, Azərbaycanda dağ rayonlarında müşahidələr aparmaq istəyirəm. Razılıq verildi. Ezamiyyə xərci-filan ayrıldı. Əlimdə Elmlər Akademiyasının göstərişi gəldim Lerik rayonuna. Mənə lazım olan yer ucqar dağ kəndlərindən biriydi. Rayondan ora avtobus gedirdi. Amma dağların başına çıxmağa babat münasib maşın, ya da at lazımıydı. Kənddəkilər məsləhət gördülər ki, raykomun yanına gedim, yoxsa bir şey çıxmayacaq. O zaman da orada rayon partiya komitəsinin birinci katibi Qulamov soyadlı bir kişiydi. Gəldim onun yanına. Özümü təqdim elədim. Akademiya adı eşidəndə "vəsiqən, yollayış vərəqən varmı" soruşdu. Göstərdim. Kişi beş-on dəqiqənin içində rayon milis rəisini, prokuroru, kommunal idarəsinin müdirini və bir-iki adamı otağına yığdı. Dedi ki, bu yoldaş alimdi, rayonumuza tədqiqat işləri aparmağa gəlib. Biz hamımız gəldi-gedər adamlarıq. Bura təyin olunmuşuq ki, onun kimi insanlara şərait yaradaq və sair və ilaxır. Nə deyim ey, kişi məni nətəhəri göylərə qaldırdısa, özüm də məəttəl qaldım. Milis rəisinə dedi: "Qonağımız nə qədər burdadı "Vilis"i verirsən ona. Qoy dağa-daşa rahat çıxa bilsin. Harda qalmağımla maraqlandı. Mehmanxana adı eşidəndə üz-gözünü turşutdu. Tez tapşırdı ki, qonaq evində yer ayrılsın. Səhər-axşam yeməyini rayonda verərsiz. Hər gün günorta dağda-daşda yeməyə hazır quru yemək tədarük edərsiz... Bir sözlə, orda olduğum müddətdə başıma dolandılar. Heç nədən korluq çəkməyə qoymadılar. Nə var, nə var, rayona aspirant gəlib. Aspirant da nə aspirant, vallah, axtarsan, bəlkə şalvarımda yamaq da varıydı. Mən bu əhvalatı niyə söylədim? Görün, elmə münasibət necəydi? Digər məqamlar, amillər də var ki, bütün bunlar elmin inkişafına, alimin formalaşmasına müsbət təsir göstərirdi.”
“Yaşıl çay” yurnalının və “Yaşıl çay” FT MMC-nin kollektivi adından böyük alimimizin vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Allah sənə rəhmət eləsin, Qara müəllim!
Araz Yağubov,
“Yaşıl çay” jurnalının və “Yaşıl çay” FT MMC-nin rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB