“Lotu Quli internet-reketçiliklə məşğul olmağa başlayıb” Rusiya KİV-i
““Qanuni oğru” Nadir Səlifov (Lotu Quli) Rusiyada zəfər yürüşünü davam etdirir”. SİA xəbər verir ki, bu barədə Rosbalt agentliyi yazır. Qeyd olunur ki, bu günlərdə onun qarşısında daha çox azərbaycanlıların çalışdığı sonuncu fəth olunmamış obyekt – Kalujski şossedə yerləşən və ən böyük topansatış məhsul satışı ilə məşğul olan dükanlar diz çöküb.
“Son zamanlara qədər bazarın azərbaycanlı seqmentinə Rövşən Canıyev (Lənkəranski) klanı nəzarət edirdi, lakin onu saxlamaq mümkün olmadı”, deyə qeyd edilən məlumatda bildirilir ki, artıq böyük biznesmenlər bilavasitə Quli ilə videogörüntü şəklində danışırlar. “Səlifovun özü isə axtarışdadır”, sözügedən informasiyada xatırladılır.
Həmçinin bildirilir ki, 2016-cı ilin avqustunda nüfuzlu “qanuni oğru” Rövşən Canıyev güllələnərək öldürüldükdən sonra, onun nəhəng “imperiyası” digər mafioz klanlar tərəfindən dərhal bölündü. Rövşənin yerdə qalan aktivlərini isə onun yaxın qohumu, “avtoritet” Zaur saxlaya bilib.
“Ən çox gəlirlər Kalujski şossedə yerləşən məhsul bazarındakı azərbaycanlılar üzərindəki nəzarətdən gəlirdi”, bildirilən məlumatda o da qeyd olunur ki, Quli çox qısa zamanda Rövşənə məxsus digər paytaxt (Moskva) obyektlərini ələ keçirdi: “Qətiyyətli hücumu isə Səlifov 2018-ci ilin yazında başlatdı. Qulinin silahlıları Zaura məxsus bazarlarda və onun ofisi yaxınlığında daha tez-tez görünməyə başladılar. Qanqsterlər Zaurun nəzarəti altında işləyən ticarətçiləri və ətrafında olan şəxsləri tutur, zor tətbiq edərək, bundan sonra əldə olunan gəlirlərin bir hissəsinin Quliyə ödənilməli olduğunu tələb edirdilər. Üstəlik, Zura “salam” göndərməyi də unutmurdular. Sonuncu faktiki olaraq, mühasirədə qalaraq, hər an həyatına sui-qəsdin ola biləcəyindən ehtiyat edirdi. O, bazardakı ofisi ilə evi arasında 6 nəfər cangüdənlə gəzirdi”.
Rosbalt agentliyinə hadisələrlə bağlı məlumat verən mənbə həmçinin bildirib ki, Zaurun qohumunun Səlifovla mübarizə aparmağa gücü qalmamışdı və nəticədə o, Moskvanı tərk edib: “Bundan sonra Qulinin adamları bazara girərək, orada ticarətlə məşğul olanlara öz yeni qanunlarını, eləcə də oyun qaydalarını başa salıblar. “Quli problemini” həll edə bilməyəcəyini Zaur hələ 2018-ci ilin yayında anlayıb. Həmin vaxt Səlifov iki epizod üzrə - oğurluq və zorla tələb etmə, eləcə də banditizm ittihamı ilə beynəlxalq axtarşda olub. Halbuki, bu ittihamlar onun Türkiyədə rahat yaşamasına mane olmur. Lakin avqustda o, başqa soyad adı altındakı pasportla Çetnoqoriyaya uçmaq istəsə də saxlanılıb. Artıq belə görünürdü ki, onun Rusiyaya ekstradisiyası reallaşacaq. Ancaq Səlifovun nəhəng kapitalları bu problemi də həll etməyi bacardı. İki gündən sonra isə, Çernoqoriya nümayəndələri Moskvaya Qulini buraxdıqlarını bildiriblər. “Çernoqoriyada ona qarşı heç bir iddiamız yoxdur, ancaq Rusiyada nələr törədibsə, bunu özünüz araşdırın və tutun”, Çernoqoriyanın müvafiq orqanları Rusiya tərəfinə çatdırıblar.
Məlumatda son olaraq bildirilir ki, bütün bunlardan sonra Zaur bazar uğrunda döyüşü tamamilə məğlub olub: “Quli isə qısa zamanda ən böyük obyektləri və biznesmenləri nəzarəti altına alıb. O. pulları bu cür tələb edir: Bir neçə muzdlu idmançı onlarla kommersantı bir yerə toplayırlar və sonra qarşılarında noutbuk açırlar. Bundan sonra Səlifov öz tələblərini canlı yayım vasitəsilə irəli sürməyə başlayır. Sonra “qanuni oğrunun” monoloqu dinlənilir: “Sən, ayda 2 milyon rubl, sən də o qədər ödəyəcəksən, sən isə 3 milyon. Hə, unutdum, sənin qardaşın da bizneslə məşğuldur, ona görə də ailənizdən ümumilikdə 4 milyon alınacaq...”
“İrəli sürülən tələblər isə müzakirəyə çıxarılmır”, deyə sonda bildirilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB