Piyada vurulması ilə baş verən avtomobil qəzalarının sayı kifayət qədərdir. Statistikaya görə, il ərzində baş verən qəzaların 50 faizinə yaxınını məhz piyada vurulması ilə nəticələnən qəzaların payına düşür. Piyadaların yolun qadağan edilmiş, hərəkətli hissələrindən keçməsi, işıqforlara əhəmiyyət, yerüstü və yeraltı keçidlərə önəm verməməsi piyadaların vurulması ilə nəticələnən qəzaların sayının artmasına səbəb olur. Piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimələrin tətbiq olunmasına baxmayaraq, görünür piyadalar buna da əhəmiyyət vermir.
"Cari ilin 9 ayı müddətində Respublika üzrə piyada vurulması ilə bağlı 566 fakt qeydə alınıb"
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev bildirib ki, cari ilin 9 ayı müddətində Respublika üzrə piyada vurulması ilə bağlı 566 fakt qeydə alınıb, onlardan 232-si dünyasını dəyişib, 370 nəfər isə yaralanıb.
Hərəkət iştirakçılarını və piyadalara yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıran R.Quliyev söyləyib ki, bu istiqamətdə dövlət yol polisi tərəfindən ciddi tədbirlərin keçirildiyini dilə gətirib: “Burada əsas məqsəd piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Çoxsaylı yeraltı, yerüstü keçidləri olmasına baxmayaraq, çox təəssüf ki, bəzi piyadalar qayda pozuntusuna yol verirlər və nəticədə baş verən qəzalarda əziyyət çəkən, xəsarət alan, dünyasını dəyişənlər də məhz piyadaların özləri olurlar. Hərəkət iştirakçıları unutmamalıdırlar ki, dövlət yol polisinin əsas məqsədi qayda pozan piyadaları inzibati məsuliyyətə cəlb etmək deyil, onların yaxınların, qohumlarının qəzalardan qorumaqdır. Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, cari ilin 15 sentyabr tarixindən oktyabrın 15-dək respublikada “Diqqət uşaqlar “adı altında təhlükəsizlik aylığı keçirilir. Bu tədbirin əsas məqsədi piyadaların iştirakı ilə bağlı verən yol- nəqliyyat hadisələrinin qarşısının alınmasıdır. Təhlükəsizlik aylığı ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin təhlili aparılır, onların baş vermə səbəbləri, şəraiti aradan qaldırılması üzrə konkret, profilaktik tədbirlər görülür. Təbii ki təhsil ocaqlarında dövlət yol polisi əməkdaşları tərəfindən maarifləndirici və təbliğat xarakterli tədbirlər keçirilir, uşaq və yeniyetmələrin toplandığı yerlərdə, onların hərəkət marşrutlarında da yol şəraitinin yenidən müayinə olunur, hərəkətin təhlükəsiz təşkil olunması məqsədilə müvafiq tədbirlər görülür ”.
"Valideynlər yol keçən övladlarına ciddi nəzarət etməlidirlər"
Müsahibimiz qeyd edib ki, valideynlər yol keçən övladlarına ciddi nəzarət etməlidirlər: “Uşaqlarının hansı şəkildə yol keçdiklərinə, işıqforda gözlədiklərinə nəzarət etməlidirlər. Valideynlər uşaqlarının təhlükəsizliyini özləri qorumalıdır. Hər şeyi dövlət qurumlarından və ya müəllimlərdən gözləmək olmaz. Valideyn unutmamalıdır ki, baş verən hadisədən zərərçəkən elə özü olacaq”.
"Piyada zolağı üzrə hərəkətdə olarkən qulaqcıqlardan istifadə etməməlidirlər"
R.Quliyev vurğulayıb ki, piyadalar piyada zolağı üzrə hərəkətdə olarkən qulaqcıqlardan istifadə etməməlidirlər: “Uşaqlarla yol keçərkən böyüklər mütləq şəkildə onların əllərindən tutmalıdırlar. Piyadalar yeraltı və yerüstü keçidlər mövcud olan ərazilərdə mütləq şəkildə onlardan istifadə etməlidirlər. Bəzən piyadalar keçidlərdən istifadə zamanı yollarının uzandığını düşünürlər. Bu düzgün yanaşma deyil. Piyadalar yol hərəkəti haqqında qanunun tələblərinə ciddi şəkildə riayət etməlidirlər. İmkan daxilində xüsusilə də axşam saatlarında yol keçməzdən əvvəl yol hərəkət iştirakçılarına mane olmayacaqlarını dəqiqləşdirməlidirlər. Bəzi piyadalar düşünür ki, əgər o hərəkət zolağında hərəkət edirsə, rahat şəkildə zolaqdan keçə bilər. Piyadalar yalnız təhlükəsiz hərəkətin təşkilinə tam əmin olduqdan sonra yol keçə bilərlər”.
"Bütün qəzalarda sürücünü təqsirkar hesab etmək düzgün deyil”
Şöbə rəisi söyləyib ki, əgər sürücü qayda pozmayıbsa, yol yüksək sürətli yoldursa, qəza baş verdiyində və piyada xəsarət aldığında sürücü heç inzibati məsuliyyətə cəlb olunmur: “Belə hallar olanda araşdırma gedir. İstintaqın və ya təhqiqatın nəticəsi olaraq qərar qəbul edilir. Bütün qəzalarda sürücünü təqsirkar hesab etmək düzgün deyil”.
"Piyadalarla bağlı qəzalarda intizamsızlıq həll edici rol oynayır"
Piyadalarla bağlı qəzalarda intizamsızlığın həll edici rol oynadığını deyən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bəzən piyadalar yol hərəkəti qaydalarına biganə münasibət göstərirlər: “Yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə belə piyadalar onlardan istifadə etmək istəmirlər. Belə şəxslər potensial təhlükə mənbəyi hesab olunurlar. Demək olar ki, hər gün belə hallarla rastlaşırıq. Xüsusilə də səhər saatlarında 5 zolaqlı və ya 3 zolaqlı yolda avtomobil cərgələrini yarıb keçmək istəyənləri görürük. Belə piyadalar öz talelərinə biganə yanaşan və yol hərəkəti təhlükəsizliyi haqqında heç bir təsəvvürü olmayan şəxslərdir”.
"Gənc piyadalar təhlükə mənbəyi hesab edilirlər"
Ekspertin sözlərinə görə, piyada vurulması ilə bağlı qəzalar Bakı şəhəri üzrə baş verən cinayət xarakterli hadisələrin 60, ümumi ölkə üzrə baş verən yol-nəqliyyat hadisələrinin isə 45 faizə yaxınını təşkil edir: “Bakı şəhərində rəqəmlərin daha çox olması burada insan sıxlığı və avtomobillərin sayının çox olması ilə bağlıdır. Ölkəmizdə yol hərəkəti qaydalarını pozanlar arasında yaş deyil, piyada hərəkəti pozğunluğunun motivasiyasında fərqlilik var. Belə ki, Kiçik yaşlı uşaqlar daha çox diqqətsizlik edir, qaydaları yaxşı bilmirlər. Yaşlı insanlar yol hərəkəti qaydalarına laqeydlik edir, yaşlarına uyğun diqqət və hərəkətlilikləri zəif olduğundan qəzalara yol aça bilirlər. Yaşlı insanlar həm də fiziki imkanlarını düzgün qiymətləndirə bilmirlər. Orta yaşlı insanlar, xüsusilə də gənclər isə aşırı dərəcədə özlərinə güvənirlər ki, bu da təhlükə mənbəyi hesab edilir. Cavanlar düşünür ki, qısa yoldu hoppanıb qaçacam. Amma düşünmür ki, avtomobilin qarşısından qaçmaq olmaz. Çünki, avtomobillə insan arasında sürət fərqi yaşayış massivində 10-12, magistral yollarda isə 15-ə bərabərdir. Saatda 90 kilometr sürətlə gedən avtomobil normal insandan 15 dəfə sürətlə gedir. Bu da o deməkdir ki, piyada 1 metr məsafə qət etdikdə, avtomobil 15 metr məsafə qət etmiş olur”.
Ə.Hüseynov qeyd edib ki, kiçik yaşlı uşaqlarla bağlı mənəvi, mülki, əxlaqı məsuliyyəti valideyn daşıyır: “Valideynlər övladlarına nümunə olmalıdırlar. Əgər valideyn piyada olaraq yol hərəkəti qaydasını pozursa, uşaq da ona baxıb dərs götürür. Bu baxımdan uşaqlara yaxşı nümunə olmaq valideynin mənəvi borcudur.
Bəs qanunvericilik nə deyir?
Qanunvericiliyə görə, piyada yol hərəkəti qaydalarını pozarsa, avtomobilin yoluna müəyyən olunmayan yerdən çıxarsa və işıqforun tələbini pozarsa 20 manat cərimə olunur. 80 kilometr saatdan yuxarı olan yollarda yolu müəyyən edilməyən yerlərdən keçməyə görə piyadalar 40 manat cərimə edilir. Cinayət xarakterli hadisə zamanı piyadanın qaydanı pozması halı aşkarlanarsa və bu ölümlə nəticələnibsə, o zaman piyada cinayət məsuliyyətinə cəlb oluna bilər”.
"Piyada ölümünə səbəb olan digər qəzalar"
Ekspertin sözlərinə görə, statistikaya nəzərə yetirdikdə piyada keçidlərində baş verən qəzaları da görmək mümkündür: “Bu zaman sürücülərin diqqət və məsuliyyəti məsələsi önə çəkilir. Bəzən piyadalar yolu keçərkən sürücünün biri avtomobilini saxlayır, digəri isə özünü “ağıllı” apararaq şütüyür. Belə olan halda da zərər çəkən piyada olur. Burada sürücülərin məsuliyyətsizliyi öz sözünü deyir. Piyada qəzalarına səbəb olan digər məsələ isə yollarda gecə vaxtı işıqlandırma məsələsidir. Bakı şəhərində insanların sayının çox olduğunu və gecə saatlarına qədər insanların hərəkətdə olduğunu nəzərə alsaq, axşam saatlarında bəzi küçələrin işıqlandırılmaması da qəzalara gətirib çıxara bilir. Gecə saatlarında hərəkət edən piyada onun sürücü tərəfindən görüldüyünü zənn edir. Amma əslində sürücü onu görmür. Çünki, piyada sürücünün baxış bölməsində deyil və qarşıdan gələn avtomobillərin işıqları piyadanı görməyə imkan vermir. Bakı ətrafı ərazilərdə piyada keçidlərinin olmadığı ərazilər var ki, bu ərazilərdə tez-tez piyada ölümü hallarının baş verdiyini eşidirik. Buna səbəb yaşayış massivlərində düzgün hərəkətin təşkil edilməməsidir”.
Bunun qarşısını necə ala bilərik?
Hüquqşünas vurğulayıb ki, ümumilikdə piyada ölümü hallarının qarşısını yaxşı nümunələrlə almaq mümkündür: “İnsanda dünya görüşünü formalaşdıran yaxşı nümunədir ki, bunu böyüklər özlərindən başlamalıdırlar. Hər kəs özünü piyada keçidindən keçməyi özündə tərbiyə etməlidir. Əks halda, söz effekt vermir. Söz effekt versəydi, Azərbaycanda və dünyada insanlar tütündən istifadə etməzdi. Tütün məhsullarının üzərində onun ziyanı ilə bağlı xəbərdarlıq olunsa da, bundan istifadə edənlərin sayı heç də az deyil. Bununla yanaşı, məsuliyyətin labüdlüyü də olmalıdır. Hər kəs bilməlidir ki, o qaydanı pozduqda onun cəriməsi olacaq. Bütün bunlar çəkindirici əhəmiyyət daşıyır və mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB