“Vətən sağ olsun” TƏDBİR-FOTOLAR

“Vətən sağ olsun” TƏDBİR-FOTOLAR

Hər zaman milli-mənəvi, dini dəyərlərə, dövlətçilik ənənələrinə sadiq Bakı İslam Universitetində vətənpərvərlik mövzusunda növbəti tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir fəxarət hissi duyduğumuz Uca zirvə olan şəhidlərimizə həsr edilib. Vətən sağ olsun adlı tədbirdə ilk olaraq BİU-nun müəllimi Rza Rzayev Qurani-Kərim oxuduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə BİU-nun kafedra müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq iştirakçıları salamladı və mövzunun bu gün respublikamız üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Daha sonra BİU-nun prorektoru Elçin Həsənli, BİU-nun müəllimi, ilahiyyatçı-alim Ağa İsmayılov tədbir iştirakçıları qarşısında mövzu ilə bağlı çıxış ediblər.

Tədbirdə həmçinin DAGBH ictimai birliyinin prezidenti Tofiq Əlizadə, Şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Almaz Zeynalova, qazi Əkbər Rüstəmov, şəhid ailələri, müharibə qaziləri, bir sıra universitetdən olan gənclər iştirak edirdi. Çıxış edənlər Bakı İslam Universitetinin bu təşəbbüsünü çox yüksək qiymətləndirərək digər ali təhsil müəssisələrində də belə tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Tədbirin gedişində Bakı İslam Universiteti tərəfindən elan olunan ümumrespublika tələbə-gənclər arasında "Şəhidlər – dünənimiz, bu günümüz, sabahımız" adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriib. Elvin Talışınski müsabiqədə 7 müxtəlif universitetin bakalavr və magistr tələbələrinin iştirak etdiyini və komissiyaya daxil olan yazıların olduqca maraqlı olduqlarını qeyd edib. Sonra gənclər dəvət olunaraq diplom və hədiyyələrlə mükafatlandırıldılar. Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi Taleh Mirzəyev I yer, Sumqayıt Dövlət Universitetinin tələbəsi Elza İbadova və Lənkəran Dövlət Universitetinin tələbəsi Nihat Piriyev II yer, Bakı İslam Universitetinin tələbəsi Nərminə Quliyeva və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şamilə Ələkbərova III yerə layiq görüldülər. Esse müsabiqəsində iştirak edən bütün tələbələr sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda BİU-nun Tələbə Gənclər Təşkilatı tərəfindən hazırlanan bir azərbaycanlı gəncin könüllü olaraq cəbhəyə getməsi və vətəni uğrunda şəhid olmasına həsr olunmuş "Vətən sağ olsun" adlı kiçik səhnə nümayiş etdirilib. İştirakçilar tərəfindən böyük marağa səbəb olan bu səhnə hər kəsə təsirli olub.

Sonda Elvin Talışınski bu cür mövzulara həsr olunmuş tədbir və elmi konfransların Bakı İslam Universitetində davam edəcəyini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə