Azərbaycanda yerli resurslar hesabına formalaşan QHT-lər illik maliyyə hesabatından azad oluna bilər

Azərbaycanda yerli resurslar hesabına formalaşan QHT-lər illik maliyyə hesabatından azad oluna bilər

"Maliyyə hesabatı təqdim edən QHT-lər arasında müəyyən kriteriyalar müəyyənləşməlidir. O, qeyri-hökümət təşkilatlarınınki illik büdcəsi təxminən 5-10 min manatdan çox deyilsə və bu illik budcə yalnız və yalnız yerli resurslar hesabına formalaşıbsa mənə elə gəlir ki, bu cür QHT-lərin illik hesabat verməsinə ehtiyac yoxdur və onlar hesabatdan azad oluna bilərlər. Belə bir təcrübə xarici ölkələrdə də mövcuddur". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O, qeyd edib ki, bu təklifin keçəcəyi təqdirdə yüzlərlə QHT-lər potensial sanksiya tətbiqi təhlükəsindən azad oluna bilərlər: "Yenə deyirəm ki, elə QHT-lər varki il boyu heç bir maliyyə dövriyyəsi olmayıb. Onlar bu hesabatda nə yazacaq? Boş sənədi doldurub vermək əvəzinə qanunvericilik çərçivəsində hesabatdan azad olunması daha yaxşı olardı. Ola bilsin ki, bunun forması ilə bağlı dəyişiklik olsun. Daha da sadələşdirilsin. Gələcəkdə elektron hesabat təqdim edilməsinə keçək. Bilirsiniz ki, Vergilər nazirliyində belə bir təcrübə var. Əlbətdə bu praktika öyrənilməli, araşdırılmalı və mümkün praktikaya əsaslanmalıdır".

 

Xarici mənbədən daxil olan maliyyə mənbələrinə gəlincə Azay Quliyev bildirib ki, vəsaitin hər qəpiyi haqqında hesabat verilməlidir: "Təbii ki, xarici mənbələrə gəldikdə isə burada hesab edirəm ki, hesabat dəqiq olmalıdır. Xarici mənbədən daxil olan hər bir maliyyə hesabatı müəyyənləşməlidir. Bu hesabat açıq, şəffaf şəkildə olmalıdır. İstənilən dövlət qurumu bilməlidir ki, QHT-nin aldığı bu vəsait necə xərclənib və ictimaiyyət bundan necə bəhrələnib. Mənə elə gəlir ki, özünə hörmət edən hər bir QHT bu gün hesabatlılıqda maraqlı olmalıdır. Ən azı özünün ictimai imici baxımından, qanunların tələbini riayət etməsi baxımından, onun ictimaiyyətə tanınması baxımından belə hesabatın çox böyük əhəmiyyəti var".

Bütün xəbərlər Facebook səhifəmizdə