Əmək bazarında peşə təhsilinə ehtiyac varmı?

Əmək bazarında peşə təhsilinə ehtiyac varmı?

Müasir dövrümüzdə Azərbaycan gənclərinə dövlət səviyyəsində ayrılan böyük diqqət onların ölkənin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsinə şərait yaradıb. Cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunması diqqətdə olan məsələlərdəndir.

Gənclərin gələcəyin tələblərinə cavab verən təhsilə yiyələnmələri üçün imkanların yaradılması da dövlət-gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Bu məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən millət vəkili Kamilə Əliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında inkişaf etdirilməsi mühüm məqsəd kimi əksini tapır: "Əmək bazarının real tələbləri nəzərə alınaraq qısamüddətli, çevik tədris proqramları əsasında işaxtaran və işsiz əhalinin peşə hazırlığına, yenidən hazırlığa, eləcə də, peşə təhsilinə cəlb edilməsi və təhsilini başa vurduqdan sonra onların münasib işlə təmin olunması həyata keçirilir. Bildiyiniz kimi, "Peşə təhsili haqqında" 2018-ci ildə Milli Məclis tərəfindən Qanun layihəsi qəbul edildi. Bu cəmiyyət tərəfindən bir sifariş idi. Təhsilin pillələri üzrə ən əsas layihə deyərdim ki, peşə təhsilidir. Orta məktəbi bitirdikdən sonra ali məktəblərə qəbul olunmayanların taleyi bilinmirdi. "Azərbaycanda peşə məktəblərinin yaradılması prosesi daha da sürətlə getməlidir" - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində kadr hazırlığı məsələlərinin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, buna böyük ehtiyac yarandığını qeyd etmişdir".

Millət vəkilinin sözlərinə görə, müasir dövrün tələblərinə uyğun olaraq, xüsusən, kənd təsərrüfatı sahəsində peşə sahiblərinə ehtiyac olduğundan ölkəmizdə dövrün tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə kənd təsərrüfatı, sənaye və turizm sahələri üzrə peşə təhsili var. Kənd təsərrüfatı mütəxəssisləri, aqronomlar və s. peşələr üzrə kadrlar hazırlanır. Üzümçülük, pambıqçılıq, maldarlıq kimi sahələrlə bağlı peşə məktəblərində gənclərimiz təhsil alırlar.

Millət vəkili bildirdi ki, əmək bazarının tələbatının təmin edilməsi ilə əlaqədar peşə-ixtisas təhsili müəssisələrində ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə və işəgötürənlərin sifarişlərinə əsasən, yeni ixtisaslar üzrə kadrlar hazırlanır. "Suvarma sistemlərinin operatoru", "Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator", "Ağac nəqqaşı", "Quru inşaat və suvaq işləri ustası", "Daşdoğrayan maşın operatoru", "Heyvandarlıq mütəxəssisi" və s. belə ixtisaslardandır. Regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə uzun illər tədris olunmayan "Pambıqçı", "Baramaçı", "Tütün ustası" kimi ixtisasların tədrisinə də başlanılıb.

Görülən işlərin əhəmiyyətinə nəzər salaraq, peşəkar işçilərin əmək bazarında işlə təmin olunduqlarını qeyd etdi.K.Əliyevanın sözlərinə görə, peşə təhsili olmayan, hətta peşəkar insanlar bu gün əmək bazarına çıxa bilmirlər. Hətta ali təhsilli mütəxəssislər belə, dövrün tələbini nəzərə alaraq, peşə təhsili almaq iqtidarındadırlar.

Bakı şəhəri Nizami rayonu 4 nömrəli Peşə Liseyinin kadrlar şöbəsinin inspektoru Südabə Qafarova isə açıqlamasında "Peşə liseyinin gənclərin məşğulluğunun təmin olunmasında rolu nə dərəcədədir" sualına aydınlıq gətirərək bildirdi ki, burada təhsil alanlar qısa müddətdə yeni bir peşə vərdişi əldə edir və ona uyğun da daha asan iş tapır: "Peşə liseyinə üz tutan gənclərin sayı bu gün artmaqdadır. Onların peşələrə yiyələnməsinə lazımı şərait mövcuddur. Kurslarda kompüter, elektrik mantyoru, qaynaqçı, məişət cihazlarının ustası və s. kimi peşələr öyrədilir. Kurslar həm ödənişli, həm ödənişsizdir. Onların işlə təmininə gəlincə isə, bildirim ki, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin düzgün peşə yönümünün, təhsil və karyera seçiminin dəstəklənməsi yönündə tədbirlər görülür. Gənclərimiz buranı bitirdikdən sonra öz peşələrinə uyğun olaraq çalışırlar. İndi bu peşələrə əmək bazarında ehtiyac kifayət qədərdir".

Bu gün müasir dövrün tələblərinə uyğun olaraq, ölkəmizdə peşə məktəblərinin sayı artmaqdadır. Paytatımızla yanaşı, regionlarımızda olan peşə məktəblərində gənclər müxtəlif peşələrə yiyələnirlər. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, 1 nömrəli Bakı Peşə Liseyində neft və qazçıxarma operatoru, elektrik montyoru, texnoloji qurğuların operatoru, kimyəvi analiz laborantı-əmtəə operatoru, 4 nömrəli Bakı Peşə Liseyində kompyuter üzrə operator, radoioteleviziya aparatlarının təmiri və xidməti üzrə mexanik, modelçi-dərzi, mühasib-fərdi kompüter operatoru, 2 nömrəli Bakı Peşə Liseyində xarrat, dülgər, parket ustası üzrə kadrlar hazırlanır. Bu və ya digər peşəyə yiyələnən gənclərə əmək bazarında tələbat böyükdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə