Milli Məclisin bu gün keçirilən plenar iclasında son dövrlərlə sürücülərin ehtiyatsızlığı ucbatında baş verən qəza hadisələrinə münasibət bildirilib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən deputat Fəzail Ağamalı söyləyib ki, sərnişindaşıma ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır.
Bu günlərdə Binə qəsəbəsində baş verən qəzanı xatırladan deputat hadisədən kədərləndiyini dilə gətirib: “Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil. Buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.
Onun sözlərinə görə, ehtiyatsız sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur: "Bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaradır".
Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB