"Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil edilib - FOTOLAR - VİDEO
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə Bakı Şəhər Halqası (BŞH)Akademiyasında “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil edilib. SİA-nın məlumatına görə, yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək ətraflı məlumat veriblər. Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib.
Açılış nitqi ilə çıxış edən BŞH-nın İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və Akademiyanın gənclər üçün yaratdığı imkanlar barədə məlumat verib. İ.Əhmədova gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirdə iştirak edən təşkilat və qurumlara Bakı Şəhər Halqası Akademiyası adından təşəkkürünü bildirib: “Gənclərin inkişafı Akademiyamızın başlıca hədəfidir və bu fəaliyyətimiz ilə ölkədə aparılan gənclər siyasətinə dəstəyimizi göstəririk. Yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırılması üçün təcrübə proqramları, işə qəbul prosesləri ilə tanış olmaqdır.
Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilərlər. Belə ki, 2016-cı ildə Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında könüllü olmuş 50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı . 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər, işçi olaraq fəaliyyət göstəmişdi. Onlar, insan resursları və işçi qüvvəsi, transport, idman əməliyyatları, məkan əməliyyatları, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstərdilər”.
“AmCham Azərbaycanın”ın icraçı direktoru Natəvan Məmmədova Yarmarka iştirakçılarını Azərbaycan biznes sektoru adından salamlayıb: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olunmasına çalışırlar. Bunu da xüsusilə vurğulamalıyam ki, “AmCham Azərbaycanın İnsan Resusrları komitəsi ən çox tələb olunanlar və aktiv fəaliyyət göstərənlər sırasındadır. Ümid edirəm ki, bugünkü tədbir işə götürənlərlə iş axtaranlar arasında effektiv əlaqə yaradacaq”.
“AmCham Azərbaycanın” İnsan Resursları üzrə komitə sədri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu İnsan Resursları üzrə meneceri Elnarə Məmmədova çıxışında bu cür tədbirlərin önəmini vurğulayıb: “Karyera yarmarkası iş axtaran, həmçinin işçi axtaranları bir araya gətirir. Özünü inkişaf etdirmək istəyən gənclər üçün bu, əvəzsiz imkandır. Burada iştirak edən ölkənin aparıcı şirkətlərində iş və ya təcrübə proqramına qatılmaq sözsüz ki, gənclər üçün geniş imkanlar yaradacaq”.
Qeyd edək ki, ümumilikdə 900-dən çox gənc sözügedən tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmış oldu. Yarmarka iştirakçılarının əksəriyyəti fəaliyyətinə Formula 1 Azərbaycan Qran Prisi və digər tədbirlərdə könüllü kimi başlayan gənclərdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB