Bakı və bakıətrafı ərazilərdə hərəkət edən marşrut avtobuslarının sürücüləri ilə bağlı dəfələrlə yazılan tənqidi məlumatlara baxmayaraq, görünür bəzi sürücülər bunlardan özünə pay götürmək istəmir. Xəzər rayonunun Binə qəsəbəsində sürücü səhlənkarlığı ucbatından baş verən ağır qəzanın təkrarlanacağından ehtiyat edən Pirallahı sakinləri redaksiyamıza müraciət edərək Pirallahı-Koroğlu metrosu istiqamətində fəaliyyət göstərən 150 saylı marşrut avtobusunun sürücüləri ilə bağlı şikayətlərini bildiriblər.
Pirallahı rayonunun bir qrup sakini təqdim olunan şikayətdə sözügedən marşrutun artıq onların həyatı üçün real təhlükə olduğunu bildiriblər. Şikayətçilərin sözlərinə görə, 150 saylı marşrutda sürücü kimi fəaliyyət göstərən Xəyal Hüseynov sürücü qaydalarına əməl etməməklə yanaşı, rayon sakinləri ilə rəftarında çox böyük kobudluğa yol verir.
“Atobusa minəndən düşənə qədər həyatımızı təhlükədən qorumağa çalışırıq. Xüsusilə də Xəyal Hüseynovun idarə etdiyi avtobusa minmək belə istəmirik. Lakin minmək məcburiyyətində qaldıqda mənzil başına necə çatacağımızdan ehtiyatlanırıq. Sürücünün avtobusu pis idarə etməsi bir yana, onun avtobusu spirtli içki qəbul edərək sürməsi, tütün məmulatlarından istifadə etməsi, hamı tərəfindən narazılıqla qarşılanır. Hətta sürücü avtobus xəttə olarkən, yanacaq doldurma məntəqəsinə daxil olur ki, bu da sərnişinlərin yolda uzun müddət vaxt itirməsinə səbəb olur. Bir sözlər sürücü özbaşınalıqları ilə yanaşı, heç bir qanuna məhəl qoymur”, - deyə şikayətdə bildirilir.
Rayon sakinləri bununla bağlı sürücüyə etiraz bildirdiklərini, əvəzində isə təhqir olunduqlarını bildirirlər.
Şikayətçilər Xəyal hüseynova aid olan hərəkətlərin 150 saylı marşrutun digər Rusif adlı sürücüyə də şamil edildiyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB