Hadı Rəcəbli: “Azərbaycanda mərasimləri qanunla tənzimləmək mümkün deyil”-AÇIQLAMA

Hadı Rəcəbli: “Azərbaycanda mərasimləri qanunla tənzimləmək mümkün deyil”-AÇIQLAMA
Azərbaycanda mərasimləri qanunla tənzimləmək mümkün deyil. Bu sözləri SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlamasında deyib. Onun sözlərinə görə, elə qanun layihələri var ki, həmin layihələr bizim cəmiyyətdə qəbulolunmazdır.

Ölkəmizdə yas və ya hüzr mərasimlərini qanun çərçivəsinə salmağın mümkün olmadığını deyən millət vəkili vurğulayıb ki, belə bir qanun qəbul olunsa belə o işlək olmayacaq: "Məsələn, Raxmonun qəbul etdiyi qanun var ki, orada hüzr yerinə, qəbir üstünə neçə nəfər getməli, neçə maşın müşayiət etməli, neçə adda yemək verilməli və digər məsələlər öz əksini tapıb. Bu qanunu cəmiyyətimiz qəbul edərmi? Yox. Biz bunun çıxış yolunu mövcud qanunlarımızın icra edilməsində görürük. Bura "Səs", "Müğənnilərə lisenziya verilməsi" və digər qanunlar daxildir. İkincisi buna nail olmaq üçün örnək elementlərdən istifadə etmək lazımdır. Adət-ənənəni qanuna salmaq düzgün deyil. Adət-ənənələri bəşəriyyət qanuna salıb. Elə qanun qəbul olunmalıdır ki, o, işlək olsun. Amma "Mərasimlər haqqında" qanun ölkəmiz üçün işlək qanun sayıla bilməz. Tutaq ki, biz toyu qanuna salırıq və deyirik ki, toya bu qədər adam gəlməli və ya gəlinin paltarı açıq deyil, qapalı olmalıdır. Bu heç də düzgün deyil. Kimsə deyə bilər ki, mənim pulum çoxdur, yüzlərlə adam çağırıram və yaxud mən açıq geyinirəm sənə nə var?".

"Qəbiristanlıqlar və ölü basdırma haqqında" qanun layihəsinin qəbulunun mümkünlüyünü deyən H.Rəcəbli vurğulayıb ki, həmin qanunda qəbir yerlərinin ayrılması və digər məsələlər öz əksini tapa bilər.

"Amma toy mərasimlərini qanuna salmaq qəti şəkildə mümkün deyil. Toyu tənzimləmək olmaz. Bunun çıxış yolu yalnız addımlar, örnəklər, pilot təşkilatlar vasitəsilə tapmaq olar. Məsələn, Mədəniyyət Nazirliyi bir toy edib insanlara göstərə bilər ki, toy necə olmalıdır. Bu gün efirlərdə qız və oğlanları eybəcər şəkildə evləndirirlər. Belə olmamalıdır. Biz örnək toylar göstərməliyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə