Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclası giriş sözü ilə açan komitə sədri Hadı Rəcəbli ilk növbədə komitənin ötən 5 illik fəaliyyəti haqqında danışıb. O bildirib ki, bu müddət ərzində komitəyə 5000-dən artıq şikayət və ərizə daxil olub. Onun sözlərinə görə, komitənin Milli Məclisdəki qəbul günlərində 3986 nəfər qəbul edilib.

Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova komitənin ilk iclası münasibətilə yeni seçilənləri və yenidən seçilənləri ürəkdən təbrik edib. O deyib ki, parlamentdə iştirak edən hər bir insan ölkə parlamentarizminin inkişafında mühüm rola malik olan insanlardır.

Komitənin fəaliyyətinə uğurlar arzu edən vitse-spiker söyləyib ki, Milli Məclisin sosial siyasət komitəsinin fəaliyyəti hər zaman qənaətbəxş hesab olunub.

Daha sonra iclasda gündəliyə daxil olan qanun layihələri müzakirə olunub. Müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun layihəsi əsasında "Sığorta fəaliyyəti" və "Əmək Məcəlləsi" ,"İnsan immun çatışmamazlığı virusunun yayılmasının qarşısının alınması haqqında", "Təhsil haqqında " qanun layihələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisə tövsiyyə olunub.

Tədbirdə çıxış edən digər deputatlar hər üç qanuna edilən əlavə dəyişiklikləri müsbət qarşılayıblar. İclasın davamında komitə sədri 2011-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri haqqında məlumat verib. O bildirib ki, yaz sessiyasında "Reproduktiv sağlamlıq", "Ailə Məcəlləsi", "Əmək Məcəlləsi", "Pasientlər haqqında", "Sosial iş haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq. Qeyd edək ki, iclas geniş müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə