Astara rayonunun Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qapıçıməhəllə kəndində 700 nəfərə qədər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti çəltikçilik, sitrusçuluq, əkinçilik və heyvandarlıqdır. SİA-nın məlumatına görə, Oktyabrın 1-də Qapıçıməhəllə kəndində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq onları dinləmək, kəndin problemləri ilə tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırıb. Ötən ilin payız mövsümündə aramsız yağan yağışlar nəticəsində Astaraçayın daşması ilə kəndin sel təhlükəsi ilə üzləşdiyi zaman sakinlərə, göstərdikləri şücaətə və birliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, çayda sahilbərkitmənin aparılmasının vacibliyi barədə aidiyyəti üzrə müraciət olunmuş, bu iş müsbət həllini tapacaqdır.
Görüşdə kənd sakinləri Aydın Məcidov, İbrahim Vəliyev, Salam Quliyev, Vaqif Vahabov, Eynulla Qulamov, Gülnarə Məcidova və başqaları rayonda və ərazi nümayəndəliyində görülən abadlıq-quruculuq işlərinə görə icra başçısına minnətdarlıq etmiş, dövlətin qayğısını daim hiss elədiklərini, həyata keçirilən sosial layihələrlə yaşayışlarının gündən-günə yaxşılaşdığını bildirərək möhtərəm cənab İlham Əliyevə hörmət və ehtiramlarını bildiriblər.
Çıxış edənlər Astaraçayda sahilbərkitmə işinin aparılması, yeni inşa edilmiş evlərə qaz xəttinin çəkilməsi, pay torpaqlarına gedən yolların zəbt edilməsi, Qapıçıməhəllə kənd tam orta məktəbi üçün yeni binanın tikinisi, elektrik transformatorunun daha güclüsü ilə əvəz edilməsi, vaxtı keçmiş elektrik dirəklərinin dəyişdirilməsi və digər məsələlər barədə təkliflərini veriblər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin bəzilərinin həlli barədə müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, digərlərinin həlli yollarının araşdırılacağını bildirib.
Icra başçısı məktəb tikintisi ilə əlaqədar qeyd edib ki, ölkədə və rayonumuzda bu istiqamətdə böyük işlər görülür. Elə rayonumuzda 40-a qədər yeni məktəb binası tikilib istifadəyə verilibdir. Ancaq hazırda ilk növbədə qəzalı məktəblərin tikintisinə üstünlük verilir. Şübhəsiz ki, bu belə də olmalıdır. Sizin məktəbə baxanda tikintisinə daha çox ehtiyac olan məktəblərimiz var. Onlardan biri də Burzubənd kənd tam orta məktəbidir ki, hazırda yeni binanın tikintisinə başlanıb. Yaxın gələcəkdə bu kənddə də yeni məktəb binası inşa olunacaq.
Çıxışına davam edən Qəzənfər Ağayev kənddə son illər insanların torpağa qayıdışı bizi sevindirir. Zəhmətkeşliyiniz, ildən-ilə əkin sahələrinin artması çox yaxşıdır. Amma boş qalan torpaqlarımız hələ də var. Çalışmalısınız ki, bütün torpaqlar təyinatı üzrə istifadəytə qaytarılsın. Çünki torpaqlar uzun müddət əkilməyəndə cəngəlliyə çevrilir, tədricən münbitliyini itirir.
Bir neçə gün əvvəl möhtərəm cənab Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun açılışını etdi. Bununla da sakinlərimiz Bakı şəhərinə daha rahat və təhlükəsiz gedə biləcəklər.
Yaxın günlərdə Xanbulançaydan Astara şəhərinə çəkilmiş içməli su və yüksək səviyyədə tikilən park-bulvar kompleksinin ikinci hissəsi istifadəyə veriləcəkdir. Bu hədsiz diqqət və qayğıya görə rayonumuzun hər bir sakini adından cənab Prezidentə minnətdarlıq edirik.
Ölkəmizdə əmin-amanlıq, sabitlik, inkişaf var. Cənab Prezidentin apardığı məqsədyönlü siyasətlə dünya dövlətlərinin ölkəmizə qarşı rəğbəti getdikcə artır. Beynəlxalq əlaqələr güclənir. Bunun nəticəsidir ki, ölkəmizdə ardıcıl olaraq beynəlxalq tədbirlər təşkil olunaraq yüksək səviyyədə keçirilir. Biz bununla fəxr edir, qürur duyuruq.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB