Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 18 m3/s təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Salyanda 4, Bankədə isə suyun səviyyəsində 3 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 sm (2017-ci il oktyabrın 01-də 378 sm), Şirvanda 215 sm (2017-ci il oktyabrın 01-də 263 sm), Salyanda 173 sm (2017-ci il oktyabrın 01-də 197 sm), Bankədə 186 sm (2017-ci il oktyabrın 01-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il oktyabrın 01-də 98 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə