Aşura günündə İçəri şəhərdəki “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək

Aşura günündə İçəri şəhərdəki “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək

Dekabr aynının 7-də Məhərrəm ayı başlanmış və bununla əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib. Aşura günü respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Könüllü qanvermə aksiyasının keçiriləcəyi yerlərdən biri də İçəri şəhər "Cümə" məscididir. Məsələ ilə bağlı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli SİA-ya bildirib ki, artıq neçə ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur. İçəri şəhər "Cümə" məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.

Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanlara xeyir gətirən istiqamətə yönəldilməlidir. Buna görə də talassemiya, hemofiliyadan və digər qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik.

Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işlərinə başlanıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə