Rusiya KİV-ləri ölkələrimiz arasında əməkdaşlığa pozitiv yanaşır

Rusiya KİV-ləri ölkələrimiz arasında əməkdaşlığa pozitiv yanaşır

Rusiya-Azərbaycan münasibətləri bütün sferaları əhatə edir

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərini Rusiyanın kütləvi informasiya vasitələri işıqlandırarkən, bu səfərin əhəmiyyətini, xüsusilə vurğulayırlar. Mehriban qonşuluq münasibətlərinin və hər sahədə əməkdaşlığın perspektivləri ön plana çəkilir və strateji əhəmiyyəti sadalanır. Rusiyanın "russian.rt.com" saytında hər iki ölkə prezidentlərinin görüşü haqda məlumat verilərkən, V.Putinin bu səfərindən hansı müsbət nəticələrin gözləniləcəyi barədə proqnozlar da verilir. Xüsusilə, qeyd olunur ki, ekspertlərin fikrincə, Moskva və Bakı arasındakı münasibətlər son dərəcə pozitiv inkişaf yolundadır və bu münasibətlər təkcə siyasi istiqamətdə deyil, eyni zamanda iqtisadi sahələri də əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr tarixində Soçi səfərinə də Rusiya mətbuatında xüsusi önəm verilir və bu səfər çərçivəsində iki ölkə arasında prioritet istiqamətlərdə imzalanan əməkdaşlıq müqavilələrinə, onların əhəmiyyətinə də toxunulur. Ekspertlər qeyd edirlər ki, son vaxtlar Rusiya-Azərbaycan münasibətləri son dərəcə məhsuldar xarakter alıb və bu münasibətlər siyasi sahədə əməkdaşlıqlardan başlamış iqtisadi əlaqələrə, hərbi-texniki sazişlərə qədər bütün sferaları əhatə edir.

"Xalq Diplomatiyası" Fondunun eksperti Vladimir Kireyev bəyan edir ki, son illərdə Rusiya və Azərbaycan arasında bir çox məsələlərə aydınlıq gətirilib və bu da, öz növbəsində, enerji resurslarına, regionda təhlükəsizliyin təmin olunmasına, qonşularla münasibətlərin yaxşılaşdırılmasına öz töhfəsini verir. Kireyev, həmçinin xatırladır ki, Azərbaycanı Rusiya ilə ümumi bir tarix və coğrafiya birləşdirir. Rusiyanın Azərbaycanla qonşu olduğunu qeyd edən ekspert, xüsusilə, vurğulayır ki, ölkələrimiz birlikdə Xəzərin akvatoriyasını da bölüşür və hər iki ölkənin heç zaman bir-birinə düşmən münasibəti müşahidə edilməyib. Son zamanlar münasibətlərin daha da artan templə inkişafına, dinamikasına diqqəti cəlb edən Kireyev bunun mal dövriyyəsinin də artımına müsbət təsirindən danışır və qeyd edir ki, Moskva və Bakı arasındakı münasibətlər indi strateji əməkdaşlıq kimi təsvir olunur.

Kremlin mətbuat xidmətinin verdiyi məlumatda isə deyilir ki, 2017-ci ilin sonuna olan məlumatlara əsasən, iki ölkə arasındakı mal dövriyyəsi 35% artıb və 2,5 milyard dollar səviyyəsində olub. Həmçinin, qeyd olunur ki, Azərbaycan Rusiya və İranla Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsində iştirak edir. Bu nəqliyyat arteriyası, 7 min kilometr olmaqla, Cənubi Asiya və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirir.

Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeriy Korovin isə, öz müshibələrində bəyan edir ki, Rusiya və Azərbaycanın hökumət başçılarının son illərdəki intensiv əlaqələri Vladimir Putin və İlham Əliyevin konkret məsələlərin həllinə hesablanmış əməkdaşlığı ilə nəticələnib. Hansı ki, bu əməkdaşlıq məsələlərinin xırdalıqlarına, incəliklərinə qədər təhlil olunmasını və həllini tələb edir. Korovin, həmçinin, qeyd edir ki, ölkələrimiz arasında əməkdaşlıq, iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə kimi konkret sferalarda möhkəmlənir və bu da, öz növbəsində, perspektivlərdən xəbər verir.

Rusiyanın mətbuat səhifələrində, məsələn, "russian.rt.com" saytında qeyd olunur ki, Azərbaycan Dağlıq Qarabağ konfliktinin həll olunmasında Rusiyanın rolunu, xüsusilə, qiymətləndirir. Hətta ekspertlər hesab edirlər ki, Vladimir Putin və İlham Əliyev bu dəfə, çox güman ki, Qarabağ konfliktindən yan keçməyəcəklər və daha çox diqqət Dağlıq Qarabağ ətrafındakı vəziyyətə yönəldiləcək. Kireyev qeyd edir ki, Rusiya Dağlıq Qarabağla, konfliktin aradan qaldırılması ilə əlaqədar xüsusi səy göstərir və bütün gücünü səfərbər edir. Hətta ekspert 8 sentyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyanla bu barədə müzakirələrin aparıldığından da danışıb. Korovin isə, bəyan edir ki, Rusiya münaqişənin həllinə maraqlıdır və geopolitik gərginliyin aradan qaldırılması isə, hər iki ölkənin maraqlarına xidmət edir. Bu baxımdan, məsələnin müzakirəsi və həllinə ümid etməyə dəyər.

Göründüyü kimi, Rusiya mətbuatı, eyni zamanda, ictimaiyyəti, ekspertləri ölkə Prezidentinin Azərbaycana səfərinə pozitiv münasibət sərgiləyir və perspektivlərinə inanırlar. Rusiyanın kütləvi informasiya vasitələrində ölkələrimiz arasında əməkdaşlığın artan dinamik tempinə hər iki ölkənin maraqlı olduğundan bəhs olunur. Münasibətlərin daha da yaxşılaşdırılması, əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlıqların artırılması fonunda ölkə başçılarının səfərlərinin intensiv xarakter alması da, həmçinin, Rusiya mediasında müsbət qarşılanır.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə