Xosrov Əbdürəhmanov: "Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz olmuşdur"
"2018-ci ilin yanvar-avqust aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 27,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,6 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 84,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,0 faiz, xidmətlərin göstərilməsi isə 10,0 faiz təşkil etmişdir". Bunu "Səs" qəzetinə açıqlamasında Bakı şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov bildirib.
Onun sözlərinə görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2018-ci il vəziyyətinə 211,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 22,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Xosrov Əbdürəhmanov onu da bildirib ki, 2018-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində yüksək gərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilmişdir.
Xosrov Əbdürəhmanov qeyd edib ki, 2018-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 12450,6 milyon manat olmuşdur: "Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 5530,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 6920,5 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 24,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır".
"2018-ci ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,5 faiz artaraq 623,9 milyon manat olmuşdur" deyən Xosrov Əbdürəhmanov ödənişli xidmətlər, əmək haqlarının ödənilməsi və birjaların fəaliyyəti sahəsində uğurlu nəticələr əıdə olunub: "2012-ci ilin 9 ayında Bakıda fəaliyyət göstərmiş birjalar tərəfindən keçirilmiş 489 hərracda 8444220,3 min manatlıq valyuta ehtiyatları və qiymətli kağızlar realizə olunmuşdur. Bakı Banklararası və Bakı Fond valyuta birjaları fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin ümumi həcminə görə xüsusi yer tutur. Bakı Banklararası valyuta birjasında 541559,0 min manatlıq valyuta ehtiyatlarının satışı həyata keçirilmişdir. Bakı Fond birjasında 7902532,0 min manatlıq qiymətli kağızlar satılmışdır".
Qismət İsmayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB