İsmayıl Ağayev: “Zaman keçdikcə həm QHT-lərin, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının təcrübəsi artır”
"Azərbaycan qeyri-hökumət təşkilatlarının erməni vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığını normal qəbul etmirəm". SİA-ya açıqlamasında bu sözləri Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarının Ermənistana gedərək orada müxtəlif tədbirlərdə iştirak etməsinə münasibət bildirərkən deyib.
Bu təşkilatların xaricdən qrant aldıqlarını söyləyən İ.Ağayev bundan əlavə bəzi təşkilatların ermənilərin qrantlarına da göz dikdiyini bildirib: "Atəşkəs olmasına baxmayaraq bu gün də evlərimizə şəhidlər gəlir. Gedib ermənilərlə bir tədbirdə iştirak etmək, onlarla şəkillər çəkmək və konyak içmək şəhidlərimizin ruhuna hörmətsizlik deyilmi? Dövlət başçımızın baxışlarına diqqət yetirəndə düşmənə qarşı bir nifrət, qəzəb görürsən. Bu yaxınlarda birinin qondarma "Dağlıq Qarabağ Respublikası prezidenti"nin oğlu ilə çəkilən şəklini gördüm. Azərbaycanda bəzi qəzetlərin manşetinə verirlər ki, bu cür görüşlər keçirmişik. Bu qəbul olunan məsələ deyil. Azərbaycan QHT təmsilçilərinin görüşdükləri ermənilər vaxtilə Dağlıq Qarabağda vətəndaşlarımızın qanını töküblər. İşğal olunan torpaqlarımız azad edilmədən iki ölkə QHT-lərin əməkdaşlığı beynəlxalq təşkilatlar üçün də görüntü xarakteti daşıyır. Onlar heç bir məsələni həll edə bilməzlər. ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün vasitəçilik edir, ortada BMT-nin 4 qətnaməsi var. QHT-lər bu məsələnin həlli üçün nə edə bilərlər".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasında erməni QHT-ləri ilə əməkdaşlıq edən Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarını tənqid edib. O, bildirib ki, beynəlxalq donor təşkilatları regional əməkdaşlıq adı altında bəzən işğalı unutdurmaq məqsədi ilə müəyyən işlər görürlər və Azərbaycan QHT-lərini pul ilə şirnikləndirirlər.
QHT-lərə Dövlət Dəstəyi Şurasının Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması ilə məşğul olan QHT-lərə böyük dəstək göstərdiyini dilə gətirən İ.Ağayev bildirib ki, rəhbərlik etdiyi mərkəz də şuranın elan etdiyi müsabiqələrdə iştirak edib: "QHT-lərə Dövlət Dəstəyi Şurasının azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı elan etdiyi müsabiqələrdə biz də iştirak etmişik və müsabiqə qalibi olmuşuq. Zaman keçdikcə həm QHT-lərin, həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının təcrübəsi artır. Azərbaycanlıların deportasiyası və soyqırımı məsələləri ilə məşğul olar QHT-lər də fəaliyyətlərini gücləndiriblər. Güman edirəm ki, səmərəli təkliflərlə çıxış edən QHT-lərə şura qrant ayıracaq və ədalətli qərar verəcəklər. Ümumilikdə şuranın QHT-lərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirəm".
Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyində təmsil olunan şəxslərin, həmçinin millət vəkili Gülər Əhmədovanın sabah Türkiyənin İğdır şəhərinə səfər edəcəklərinə bildirən İ.Ağayev söyləyib ki, səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin anım mərasimi, həmçinin qərbi azərbaycanlıların deportasiya olunmasının 22-ci ildönümü qeyd olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB