DAK 11-ci qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

DAK 11-ci qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
Bu gün 4-5 dekabr 2010-cu il tarixində Almaniyanın Bonn şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) 11-ci qurultayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DAK-nin həmsədri, millət vəkili və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Sabir Rüstəmxanlı ilk olaraq qurultayın gedişatı haqqında məlumat verərək bildirib ki, gərgin keçməsinə baxmayaraq qurultay arzuolunan nəticələri verib: "11-ci qurultay əvvəlkilərə nisbətən bir qədər gərgin keçdi. Lakin bütün bunlara baxmayaraq məqsədyönlü olduğumuzdan nəticə istədiyimiz kimi oldu. Qurultayda 135 mandatlıq üzv vardı. Müxtəlif qurumlardan, türk dərnəklərindən nümayəndələr və 250 minə yaxın soydaşımız bizi və fəaliyyətimizi dəstəklədi".

Daha sonra qurultayda müzakirə olunan mövzular haqqında xəbər verən həmsədr DAK-nin cənubda milli azadlıq hərəkatını canlandıran yeganə təşkilat olduğunu qeyd edib: "Qurultayda 2 il ərzində DAK-nin gördüyü işlər haqqında hesabat xarakterli məruzələr oxunub. Bununla yanaşı, Güneydə yaşayan azərbaycanlıların problemləri, dünyadakı azərbaycanlıların hüquqlarının müdafiəsində DAK-nin vəzifələri və bir sıra başqa mövzularda məruzələr oxunub. Ümumiyyətlə, DAK cənubdakı milli azadlıq hərəkatını canlandıran yeganə təşkilatdır ".

Tədbir fikir mübadilələri əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə