Yadigar Məmmədli: “5 il əvvəl qəbul olunan qanuna dəyişiklik edilmədən yeni qanunun qəbulu düzgün deyil”
"5 il əvvəl qəbul olunan qanuna dəyişiklik edilmədən yeni qanunun qəbulu düzgün deyil". SİA-ya açıqlamasında bu sözləri Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli informasiya üzrə ombudsmanın səlahiyyətlərinin Azərbaycan Ombudsmanına verilməsi ilə bağlı hazırlanan qanun layihəsinə münasibət bildirərkən söyləyib.
Müstəqil informasiya üzrə Ombudsman Aparatının yaradılmasına ehtiyac olduğunu deyən Y.Məmmədli bildirib ki, informasiya üzrə Ombudsman yalnız jurnalistlər deyil, bütün vətəndaşlar üçündür. 2005-ci ildə qəbul olunan "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə Ombudsmanın fəaliyyət üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirildiyini deyən DJL rəhbəri bildirib ki, hər bir vətəndaşın informasiya əldə etmək hüququ təsbit olunub: "Hər bir vətəndaşın qanunvericilikdə nəzərdə tutulduğu formada informasiya əldə etmək hüququ var. Bu hüquqlar pozulduğu halda məhkəməyə qədər bu məsələlərlə məşğul olacaq qurum informasiya üzrə Ombudsman Aparatı ola bilər. Hesab edirəm ki, cəmiyyətin diqqət mərkəzində olan bir məsələdir və informasiya üzrə Ombudsmanın yaradılmasına böyük ehtiyac var".
"İnformasiya əldə etmək haqqında" qanunun qəbul olunduğu 5 il müddətində qanuna müvafiq olaraq informasiya Ombudsmanın yaradılmamasının səbəbinə gəlincə, Y.Məmmədli bu məsələnin sırf prezidentin səlahiyyətində olduğunu qeyd edib. Məsələnin yenidən gündəmə gətirilməsinin də sevindirici olduğunu söyləyən DJL rəhbəri məsələnin indiki formada qəbulunun narahatlıq doğurduğunu deyib.
Y.Məmmədli hesab edir ki, 2005-ci ildə qəbul olunan "İnformasiya əldə etmək haqqında" qanun ilə indi təklif olunan qanun layihəsi arasında ziddiyyət yaranıb: "Hüquqşünasların da fikri budur ki, ilk olaraq 2005-ci ildə qəbul olunan qanunda dəyişikliklər edilməli və yeni qanun üçün təkliflər verilməlidir. Fikrimcə, 5 il əvvəl qəbul olunan qanuna dəyişiklik edilmədən yeni qanunun qəbulu düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB