Məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqlar yaradılır

Məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqlar yaradılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqlar yaradılır. SİA-nın xəbərinə görə, bu barədə AQUPDK-nın sədr müavini Sədaqət Qəhərmanova məlumat verib. O bildirib ki, sığınacaqlar 4 rayonda - Lənkəran, Xaçmaz, Gəncə və Zaqatalada istifadəyə veriləcək. S.Qəhrəmanovanın sözlərinə görə, artıq sığınacaqların tikintisinə başlanıb və yaxın aylarda istifadəyə veriləcək. Sədr müavini qeyd edib ki, ölkədə zorakılıqların qarşısını almaq və onunla mübarizə aparmaq üçün konkret struktur fəaliyyət göstərməlidir.

"Azərbaycanda qadınların hüquq və bərabərliklərinin qorunması istiqamətində bir çox sənədlər qəbul olunub. 1998-ci ildə qadınların hüquqlarının qorunması istiqamətində qanun qəbul edilib və bundan sonra müəyyən irəliləyişlər əldə olunub. Hüquqların pozulmasının əsas mərkəzi ailədir. Artıq insanlar, cəmiyyət başa düşməlidir ki, kişi və qadın bərabərhüquqlu olmalıdır. Hazırda parlamentdə 20 qadın var və inanırıq ki, onlar tribunadan qadınların sözünü lazımi səviyyədə deyə biləcəklər. Parlamentdə qəbul olunan hər bir qanun sonradan işləməli və bu istiqamətdə nəticələr əldə etməkdən ötrü hər birimiz çalışmalıyıq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə