Bu gün Pirallahı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, dini komissiyasının və rayon Ağsaqqallar Şurasının təmsilçiləri, tam orta məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda mövcud dini durum haqqında məlumat verərək respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar. Eyni zamanda, Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirdi ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.
Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub insanların istifadəsinə verilir. Qeyd edib ki, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir.
Rauf Əliyev Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışıb. Bildirib ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz. Pirallahı qəsəbə məscidinin axundu Elçin Baxşıyev, Pirallahı rayon Ağsaqqallar şurasının üzvü Səməd Əhmədov və digərləri çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar.
Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.
Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi vurğulanıb. Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB