Məleykə Abbaszadə beynəlxalq konfransda iştirak edib

Məleykə Abbaszadə beynəlxalq konfransda iştirak edib

2018-ci il 9 - 14 sentyabr tarixlərində Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük data” mövzusunda 44-cü illik konfransı keçirilib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak edib. Məkrəzdən SİA-ya verilən xəbərə görə, konfransın davam etdiyi müddətdə çoxlu sayda maraqlı məruzələr və təqdimatlar dinlənilib, aktual məsələlər ətrafında müxtəlif ölkələri təmsil edən təhsil və qiymətləndirmə sahəsi üzrə peşəkar mütəxəssislər fikir və təcrübə mübadiləsi aparıblar. Nümayəndə heyətimizin üzvləri konfrans çərçivəsində keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirib, bölmə iclaslarında müzakirə olunan məsələlər ətrafında fikirlərini iştirakçılarla bölüşüblər.

Konfransda həmçinin Mərkəzin əməkdaşları Natiq Əliyev, Məhəbbət Əkbərli, Aynur Bayramlı və Elmir Şirinovun hazırladıqları “ Azərbaycan Respublikasında magistraturaya qəbul” mövzusunda məruzə təqdim edilib. Təqdimatda ölkəmizdə magistraturaya qəbul imtahanı modeli, imtahanın mərhələləri, imtahanlarda tətbiq olunan müxtəlif növlü yoxlama-ölçmə materialları, xüsusilə də qəbul imtahanları zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması proseduru geniş işıqlandırılıb. Təqdimat bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanmış, onları maraqlandıran suallar M.Əkbərli və E.Şirinov tərəfindən cavablandırılıb.

Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzi tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilib:·

* təhsilin qiymətləndirməsində böyük və kiçik həcmli datanın (verilənlərin) istifadəsi;

* böyük data əsasında qiymətləndirmənin (tədris, öyrənmə) mahiyyəti, dünya praktikasından nümunələr;

* böyük data – qiymətləndirmədə yeni üsullar, tədqiqatlar, araşdırmalar və çağırışlar;

* böyük data – mövcud qiymətləndirmə prosesləri və imkanları;

* böyük data – validlik və relevantlıq məsələləri;

* böyük data – qiymətləndirmə zamanı əldə edilən tərəqqi və nailiyyətlər, problemlər və həllini gözləyən məsələlər.

Konfransın iştirakçıları İngiltərə, Amerika Birləşmiş Ştatları, İsrail, Çin, Sinqapur, Norveç, Qazaxıstan və digər ölkələri təmsil etmişlər.

Konfransın bağlanışı zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri 2019-cu il 22-27 sentyabr

tarixlərində Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IAEA-nın növbəti – 45-ci illik konfransının təqdimatını ediblər. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, altmövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan və s. haqqında iştirakçılara məlumat verilmiş, videoçarx nümayiş etdirilib. DİM-in sektor müdiri Vəli Hüseyn çıxış edərək 44-cü konfransın təşkilatçılarına minnətdarlığını bildirib, konfrans iştirakçılarını Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.

Xatırladaq ki, DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı da DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib. Növbəti illik konfransın da yüksək səviyyədə keçiriləcəyini qətiyyətlə söyləmək olar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə