Dini radikalizmə qarşı mübarizə və qarşıda duran vəzifələr

Dini radikalizmə qarşı mübarizə və qarşıda duran vəzifələr

"Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. İstər islam dini cəryanları arasında, istərsə də digər dinlərdə də radikalizmə meyillər XX əsrin sonlarından etibarən xeyli artmışdır. İndiki dövürdə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran odur ki, son onillikdə islami radikalizmin yüksəlişi müşahidə olunur". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, radikalizm müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatmaq üçün fəaliyyətdir: "Dini radikalizm də bu mənada özündən olmayan dini quruplara qarşı barışmaz mövqey tutan, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli forması olan terrorist qrupların fəaliyyətinə şamil edilir.

Hal-hazırda dini radikalizmə qarşı mübarizə cəmiyyətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bəzi insanlar dini radikalizmə qarşı mübarizəni dinlə qarışdırırlar. Azərbaycanda dövlətin dinə qarşı diqqət və qayğısı həmişə ön planda olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə və Heydər Əliyev Fondu tərəfindən Pespublikımızın müxtəlif bölgələrində çoxlu sayda yeni məscid binaları tikilmiş, yenidən qurulmuş, təmir olunaraq dindarların istifadəsinə verilmişdir. Eyni zamanda dövlət başçısının müvafiq sərəncamları ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir".

R.Əliyev qeyd edib ki, Sovet dövründə Respublikamızdə cəmi 17 məscid fəaliyyət göstəridisə, indi məscidlərin sayı 2246–ya çatıb. Xəzər rayonunun qəsəbələrində 26 məscid və 4 ziyarətgah fəaliyyət göstərir. Pirallahı rayonunda əvvələr məscid olmamışdır. Hazırda rayonda 1 məscid fəaliyyət göstərir.

Azərbaycanda dini radikalizmə qarşı mübarizə əsasən 3 istiqamətdə aparılır:

1. İdeoloji sahədə

Dini radikal qrupların Azərbaycanda kök atıb inkişaf etməsi üçün heç bir münbüt şərait yoxdur. Ölkəmizdə mövcud olan əxlaqi dəyərlər, mədəniyyətimiz, tariximiz, multikulturalizmin artıq bir həyat tərzinə çevrilməsi buna imkan vermir. Amma çox təəssüflər olsun ki, bunu ölkəmizə süni surətdə kənardan gətirirlər. Ona görə də ideloji nöqteyi-nəzərdən bu meyillərə qarşı ciddi mübarizə aparılmalıdır.

2. Dini radikalizmə qarşı mübarizədə ikinci istiqamət hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifədir. Azərbaycan Respublikasının bütün

hüquq muhafizə orqanları bu sahədə onların qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirirlər.

3. Dini radikalizmə qarşı aparılan mübarizənin üçüncü istiqaməti iqtisadi sahədə aparılan mübarizədir. Bu sahədə də müvafiq tədbirlər həyata keçirilir. Dini radikal qurupların maliyyə mənbələrinin aşkar olunması və ləğv edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə yüksək inkişafa nail olunmuşdur. Bu nəticələrin əldə olunmasında başlıca amil ölkəmizdə mövcud olan sabitlik və əmin-amanlıqdır".

Millət vəkili qeyd edib ki, Azərbaycanın belə yüksək inkişafa nail olması ölkəmizi sevməyən, anti-azərbaycan qüvvələri və onların əlaltılarını çox narahat edir: "Bu qüvvələr bütün üsullardan istifadə etməklə ölkəmizdə əmin-amanlığı, sabitliyi pozmağa çalışırlar. Bu işdə onlar bəzi radikal dini quruplardan istifadə etməyə cəhd göstərirlər. Ona görədə cəmiyyətdə dini radikalizmə qarşı mübarizə sahəsində nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsinə diqqət daha da artırılmalıdır. Xüsusi ilə gənclərlə aparılan maarifləndirmə işlərini təkminləşdirmək və daha da gücləndirmək lazımdır.

Azərbaycanda mövcud olan sabitlik, ölkəmizdəki vətəndaş həmrəyliyinə, multikulturalizmə və ən əsası xalq və iqtidar birliyinə əsaslanır və heç bir qüvvə bu sabitliyi poza bilməyəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə