QHT-lərə Dövlət Dəstəyi Şurasında ekoloji layihələrin nəticələri müzakirə edilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında ekoloji layihələrin nəticələri müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə maliyyələşdirdiyi ekoloji layihələrin nəticələrinə həsr olunmuş müzakirələr keçirib. SİA-nın məlumatına görə, müzakirələrdə şura rəhbərliyi, ekoloji təşkilat və layihələrin rəhbərləri, ekspert və mütəxəssislər iştirak edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının "Ekologiya ili" elan edilmiş 2010-cu ildə keçirdiyi maliyyə müsabiqələrində ekologiya və ətraf mühitin mühafizəsilə bağlı layihələrə xüsusi önəm verdiyini deyən şuranın sədri Azay Quliyev bildirib ki, maliyyələşdirilmiş layihələr ölkəmizdə xüsusi aktuallıq kəsb edən ekoloji problemlərin ictimaiyyət üçün aktuallaşdırılmasına, ekoloji maarifçilik işinin gücləndirilməsinə, ayrı-ayrı regionlarda ekoloji vəziyyətin monitorinqinə və problemlərin həlli istiqamətində addımların atılmasına yardım edib. Bu il ekoloji baxımdan əsaslandırılmış layihələrə maksimum dəstək verməyə çalışdıqlarını deyən A.Quliyev bu layihələrin Azərbaycanın bir çox şəhər və rayonlarında keçirildiyini bildirib.

2010-cu ildə ekologiya istiqamətində 31 layihənin maliyyələşdirildiyini söyləyən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri bu layihələrə ümumilikdə 169 min manat vəsait ayrıldığını diqqətə çatdırıb. Bu rəqəmin 2009-cu ildə 133,190 min manat təşkil etdiyini söyləyən A.Quliyev bu məbləğə 21 layihənin maliyyələşdirildiyini vurğulayıb: "2010-cu ildə həyata keçirilən layihələrin icrasına 72 işçi cəlb olunub. Layihə üzrə bəhrələnənlərin sayı 7244 nəfərdir. Layihələr Şabran, Yevlax, Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Lənkəran, Netçala, Salyan, Sabirabad, Masallı, Qəbələ, Tərtər, Bərdə və digər rayonlarda həyata keçirilib. 5 QHT ağacəkmə kampaniyası, 22 QHT maarifləndirmə işləri həyata keçirib".

A.Quliyev layihələrin maliyyələşdirilməsində bir sıra tərəfdaşlarla əməkdaşlıq etdiyini bildirib. Ekoloji layihələrdən 19-nun həyata keçirilmə müddətinin bitdiyini söyləyən şura sədri onlardan 6-sı ilə bağlı lazımı hesabatların təqdim edildiyini bildirib. O, digər QHT-ləri də layihələrlə bağlı hesabatları müəyyən olunan vaxtda şuraya təqdim etməyə çağırıb.

Daha sonra çıxış edən QHT rəhbərləri həyata keçirdikləri layihələr barədə məlumat verib. Ekoloji layihələrin həyata keçirilməsində dövlətin dəstəyini təqdir etdiklərini vurğulayan QHT rəhbərləri, həmçinin ekspert və mütəxəssislər bu işin davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. Onlar ekoloji layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə