Şahin İsmayılov: “Gənclər universitet illərində o qədər də təhsillə maraqlanmadıqları üçün ixtisaslarından lazımi səviyyədə yararlana bilmirlər”-Müsahibə

Şahin İsmayılov: “Gənclər universitet illərində o qədər də təhsillə maraqlanmadıqları üçün ixtisaslarından lazımi səviyyədə yararlana bilmirlər”-Müsahibə

Azərbaycan Tələbə Gənclər Təşkilatlarının sədri Şahin İsmayılovun SİA-ya müsahibəsi:

- Siz, bu gün gənclərin biznes strukturunun inkişafındakı rolunu necə qiymətləndirirsiniz?

- Bu gün gənclərin biznes strukturunun, sahibkarlığın inkişafındakı rolu yüksəkdir və günü-gündən onların aktivləşdirilməsi müzakirə olunur. Bu sahəyə maraq göstərən gənclərin əsas təbəqəsi olan tələbələrin bir qismi müvafiq sahə üzrə təhsil alanlar, digər qismi isə bu sahəyə marağı olan gənclərdir. Biz də istəyirik ki, tələbə dostlarımız gələcəkdə qazanacaqları biliklər əsasında öz bizneslərini qura bilsinlər. İqtisadiyyat üçün kiçik və orta biznesin inkişafı hər bir dövlət üçün əhəmiyyətlidir. Bizim gənclər də davamlı şəkildə biznes sahəsində biliklərini artırmaqla müəyyən nailiyyətlər əldə edəcək və bu onlar üçün təcrübə, başlanğıc olacaq.

- Sizin fikrinizcə, hazırda gənclər arasında bu sahəyə maraq hansı səviyyədədir və bu nə ilə əlaqədardır?

- Gənclər arasında bu sahəyə kifayət qədər maraq var. Hər bir gənc istəyir ki, müəyyən dərəcədə biznesi, əsas iş yeri və maddi gəlirləri olsun. Ancaq qeyd etməliyəm ki, gənclər arasında biznesə, sahibkarlığa maraq o dərəcədə də geniş, arzuladığımız səviyyədə deyil. Mövcud olan biznesdə də müəyyən qədər kortəbiilik var. Lakin innovativ metodlar nəzəriyyəsinin öyrədilməsi və bunun təcrübə ilə tətbiq edilməsi gənclər üçün yeni bir məktəb olacaq.

- Bildiyiniz kimi, bu gün gənclərin işlə təminatında müəyyən problem var. Bunun səbəbləri nədir, gənclər müasir kadr deyil, yoxsa təşkilatlarda gənclər üçün iş yoxdur?

- Düzdür, bu gün gənclərin işlə təminatı məsələsində problemlər var. Bu problemləri bir neçə məqamla bağlamaq olar. Bəzi gənclər universitet illərində o qədər də təhsillə maraqlanmırlar və digər işlərlə məşğul olduğundan ixtisaslarından lazımi səviyyədə yararlana bilmirlər. Ancaq bununla yanaşı, idarələr və təşkilatlarda ixtisaslara uyğun iş tapılmaması məsələləri var. Bu da çox aktual mövzudur. Amma ötən illərlə müqayisə aparsaq, ixtisaslı kadrların işlə təmin olunması aktiv şəkildə həyata keçirilib və bu sahədə müəyyən irəliləyişlər var. Bunun üçün dövlət proqramları icra olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının həyata keçirdiyi müsabiqələrdə gənclər özlərinə uyğun iş tapa bilirlər. Dövlət sahələri ilə yanaşı gənclər digər sahələrdə- qeyri-hökumət təşkilatlarında iş yerləri tapa bilərlər. Onların iş tapa bilməməsi müəyyən problemlərlə də bağlı ola bilər. Ola bilsin müəyyən qədər təcrübə çatışmamazlığı, xarici dil bilmə zəifliyi və digər problemlər onların iş tapa bilməməsinə gətirib çıxarır. Qeyd edim ki, gənclər birgə tədbirlər nəticəsində topladığı biliklər sayəsində özlərinə yeni iş yerləri tapa bilərlər.

- Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı cari il ərzində gənclərin müəyyən problemlərinin həllində digər sahələr üzrə istənilən nəticələr əldə edə bildimi?

- Əgər mən desəm ki, qarşımıza qoyduğumuz bütün məsələlərin həllinə nail olduq, bu düzgün olmazdı. Təşkilatın bu yaxınlarda 1 illiyi qeyd olunacaq. Bu 1 il zaman təşkilatın formalaşması dövrü kimi yadda qalıb. Artıq formalaşma dövrü bitib və bizim üçün yeni mərhələ başlayıb. Ancaq ötən dövr ərzində bir sıra uğurlarımız olub, layihələrimiz həyata keçirilib. 100% əminliklə deyə bilmərəm ki, ötən dövr ərzində biz etmək istədiklərimizə, qarşıya qoyduğumuz məqsədlərə çatdıq. Bunun da obyektiv və subyektiv səbəbləri var. Amma əminəm ki, növbəti ildə tam olmasa da gözləntilərimizin 70-80%-ni həyata keçirə biləcəyik. Universitetlərin tələbə gənclər təşkilatlarının üzvləri dolayısı ilə bizim ittifaqın da üzvləri sayılır. Bizim ötən dövr ərzində əsas işlərimizdən biri də üzvlərin mərkəzləşdirilməsi idi. Artıq hər bir üzvün anketi yığılıb və onların elektron bazası yaradılmaq üzrədir. Qeyri-rəsmi məlumatlara görə, bizim təşkilatlarımızın üzvləri 10 min civarında var. İnanıram ki, yaxın gələcəkdə gənclərlə birgə iş sahəsində onların problemlərinin həlli istiqamətində mühüm işlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə