“Təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib” RƏY

“Təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib” RƏY

“Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan təhsili də bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkəmizdə keçirilən “Bilik Günü” ilə bağlı münasibətini açıqlayarkən deyib.

“Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirib”, deyə qeyd edən Hikmət Şikarov həmçinin, Ulu Öndər Heydər Əliyevin kəlamını xatırladıb: ““Cəmiyyət təhsilsiz inkişaf edə bilməz və təhsil millətin gələcəyidir" deyən Ulu Öndərimiz hər zaman qeyd edir, daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini və vacibliyini vurğulayırdı. Məhz Ümummilli Liderin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanıb”.

YAP Pirallahı rayon təşkilatının sədri eyni zamanda bildirib ki, inkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir: “Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olub. Cənab Prezident İlham Əliyev hər zaman qeyd edir ki, “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın". Məhz cənab Prezidentin bu sözləri Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılmasını zəruri edir”.

“Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir”, deyə vurğulayan Hikmət Şikarov onu da bildirib ki, son 15 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təsadüfi deyil ki, dövlət büdcəsində müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir. Son 15 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Çünki cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi oldu”.

Hikmət Şikarov Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevnın daa da müntəzəm olaraq təhsil sahəsindəki inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış etdiyini qeyd edib: “Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər inşa olunub. “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Bütün bunlar bir daha onu göstərir ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Bu aparılan islahatların başlıca məqsədlərindən biri də ölkəmizin təhslini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. Şübhəsiz, bu istiqamətdə də ciddi nəticələr əldə olunur”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə