“Media Prize 2011” layihəsi çərçivəsində “Diabetin aktual problemləri” mövzusunda konfrans keçirilib - TƏDBİR
Bu gün Novo Nordisk şirkətinin Azərbaycan nümayəndəliyi və Beynəlxalq Diabet Federasiyasının üzvü olan Azərbaycan Diabet Cəmiyyətinin birgə təşkil etdikləri "Media Prize 2011" adlı layihə çərçivəsində "Diabetin aktual problemləri" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirin açılışında iştirak edən Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Omərova bildirib ki, bu gün milyonlarla insan diabet xəstəsidir və onların qarşısı alınmasa yaxın 20 il ərzində bu rəqəmlər 3-5 dəfə artacaq. Diabetin BMT tərəfindən qeydə alınan xəstəliklərdən biri olduğunu deyən cəmiyyət sədri vurğulayıb ki, 4 yoluxucu olmayan xəstəliklərə dair qətnamə qəbul olunub.
"Diabet bütün insanların təhlükəsizliyinə, dövlətlərin iqtisadiyyatının zəiflənməsinə, ailələrin yoxsulluğuna gətirib çıxaracaq. İnsanlar onu bilməlidir ki, diabet yoluxucu xəstəlikdir və vaxtında aşkar olunarsa, qısa zamanda qarşısı alınar. Diabetə hər kəs düçar ola bilər, ancaq buna cavab kollektiv şəkildə olmalıdır. Diabet haqqında məlumatların cəmiyyətə çatdırılmasında KİV-in rolu çox böyükdür", - deyə o əlavə edib.
Səhiyyə Nazirliyinin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənov bildirib ki, bu gün şəkərli diabet dünyada ən geniş yayılmış xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəliklər yoluxucu deyil, ancaq yayılma sürətinə görə qeyri-infeksion xəstəlikdir. Bunun tibbi sosial xəstəlik olduğunu deyən R.Məmmdəhəsənov qeyd edib ki, hazırda 250 milyondan artıq insan şəkərli diabet xəstəsidir: "Xəstəliyin qarşısı alınmasa 2025-ci ildə bu rəqəm 380 milyon olacaq. Buna qarşı müalicə nə qədər erkən başlasa, o qədər tabe olur. Bu genetik xəstəlikdir, yəni nəsildə kimdəsə bu xəstəlik varsa, bu sonrakı nəsildə də özünü büruzə verir. Şəkərli diabetlər ailə quran zaman da həkimlər onlara maarifləndirici məsləhətlər verməlidir.
Bu gün Azərbaycanda 130 min şəkərli diabet xəstəsi var. Xəstəliyin klassik formalarına çox nadir hallarda rast gəlinir. Səhiyyə nazirinin tapşırığına əsasən, tibb poliklinikalarında müraciət edən hər bir şəxs digər analizlərlə yanaşı şəkər analizini də verilməlidir. Bütün xəstələr pulsuz dərmanlarla təmin olunub, 60 min xəstə qlükometrlə təchiz edilib. Gələcəkdə reabilitasiya üçün sanatoriya, kurort zonalarını təşkil etmıəyi düşünürük. Heydər Əliyev Fondu tərəfindən diabet xəstəsi olan uşaqlar üçün yay düşərgələri təşkil olunur. Dünyada korların 25%-i, hemodializlərin 25%-i, aşağı ətrafların ambulator olunmuşların 25%-i şəkərli diabet xəstələrinin payına düşür".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, hakimiyyətin bütün qolları bu xəstəliklə mübarizədə fəal iştirak edir. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu istiqamətdə çox mühüm və önəmli işlər görür: "Azərbaycanda qəbul olunan şəkərli diabet haqqında qanun MDB məkanında model qanun olaraq istifadə olunacaq. Yaxın gələcəkdə Azərbaycanda kurort mərkəzinin yaradılması nəzərdə tutulub. Burada xəstələr həm müalicə olunacaq, həm də kurs keçiləcək. Assosiasiya üzvlərinə 20% güzəşt olunacaq. Qiymətlər münasib olacaq ki, kim istəsə burada müalicə ala bilsin".
Tədbriin davamında Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri Valeh Mirzazadə "Şəkərli Diabet nədir?", Azərbaycan Praktiki Psixoloqları Assosiasiyasının sədri Elmira Mirzoyeva "Diabetin psixoloji aspektləri" mövzusunda məruzlərlə çıxış edib.
Məlumat üçün bildirək ki, Media Mükafat-2011-in qalibini seçmək üçün keçiriləcək müsabiqə milli və beynəlxalq mərhələni əhatə edir. Xəstəlik barədə maarifləndirici ən yaxşı telesüjet, eləcə də KİV-lərdə dərc olunan və ya "onlayn" (internet) məqalə nominasiyaları üzrə qalib olan 3 jurnalist işi seçilərək beynəlxalq münsiflər heyətinə təqdim olunacaq. Beynəlxalq müsaqibənin qalibləri isə 2011-ci ilin sentyabrında Portuqaliyada mükafatlandırılacaq.
Müsabiqə iştirakçıları diabet haqqında məlumatlı olmalı, əsas KİV-lərdə bu xəstəlik barədə yazısı dərc olunmalıdır. Eyni gündə yazılmayan, silsilə formalı məqalə müsabiqəyə təqdim edilə bilməz.
Məqalələr, həmçinin internetdə də yerləşdirilə bilər. "Onlayn" nəşr olunan məqalələrin qiymətləndirmə şərtləri KİV-də dərc olunan məqalələrin qiymətləndirilməsi kimidir. Məqalə yerli qəzet və jurnalın veb-saytında dərc edilməlidir. "Onlayn" məqalə 350 sözdən az olmamalıdır və məqaləyə bir ayda minimum 1500 dəfə baxılmalıdır.
Müsabiqəyə 2011-ci il aprelin 30-dək dərc olunan yazı və çıxışlar təqdim edilə bilər.
İştirak etmək istəyən jurnalistlər qeydiyyat formasını doldurub, məqalə və ya telesüjetin surəti ilə birlikdə şirkətin İçərişəhər, Asəf Zeynallı 31/33 ünvanında yerləşən Azərbaycan nümayəndəliyinə təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB