Namiq Həsənov: “Yolların qışa hazırlığı ilə bağlı bütün texniki avadanlıqlar hazır vəziyyətdədir” - MÜSAHİBƏ

Namiq Həsənov: “Yolların qışa hazırlığı ilə bağlı bütün texniki avadanlıqlar hazır vəziyyətdədir” - MÜSAHİBƏ

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun SİA-ya eksklüziv müsahibəsi

- Nəqliyyat Nazirliyində qış mövsümünə hazırlıqla bağlı işlər nə yerdədir?

- Bu il Azərbaycanda qışa hazırlıq işləri üçün yay aylarından tədarük görülür. Təxminən avqust-sentyabr aylarından başlayaraq bütün tədbirlər öz növbəsində davam etdirilir. Qışın gəlməsi ilə bağlı qar və çovğunun törədəcəyi problemlərin qarşısını almaq üçün bütün texniki avadanlıqlar hazır vəziyyətdədir. Artıq demək olar ki, hazırlıq işləri başa çatıb və bütün avadanlıqların görəcəyi işlərin qənaətbəxş olacağına ümid edirik.

- Mövcud ola biləcək problemlərlə bağlı hansı tədbirlər nəzərdə tutulub?

- Qışda yaranacaq problemlərin qarşısının alınması üçün qum, çınqıl, duz ehtiyatlarının toplanması işlərinə yay aylarından başlanılıb. Artıq kifayət qədər ehtiyat var. Amma əsas problem yolların hamar olmamasından qaynaqlanır. Belə ki, yollarda olan çöküntülər qışda qarın və yağışın dolması ilə buza çevrilir və avtomobillərin hərəkətini çətinləşdirir. Buna görə də, maililik çox olan yollarda qum və çınqılın daşınması, çöküntülərin bərpa edilməsi, yeni yol çökmələrinin qarşısının alınması istiqamətində bir sıra işlər görülür. Artıq tonlarla qum və çınqıl ehtiyatı toplanılıb. Texniki baxımdan heç bir problem yoxdur. Kifayət qədər qar təmizləyən maşınlar, xüsusi qurğular işə hazır vəziyyətdədir.

- Görülən tədbirlərin qışda baş verə biləcək problemlərin qarşısını tam alacağına, Azərbaycanda hər il olduğu kimi, bu il də yolların iflici ilə qarşılaşmamağımıza kifayət edəcəyinə əminsinizmi?

- Bu barədə əvvəlcədən əminliklə rəy vermək çətindir. Düzdür bu məsələdə haqlısınız, Azərbaycanda qış fəslində bir sıra çətinliklərlə üzləşirik. Amma hər il bu problemlərin qarşısının alınması üçün əlimizdən gələni edirik. Bu il də bu istiqamətdə həm Nəqliyyat Nazirliyi, həm də Bakı Şəhər İcra Hakimiyyəti mühüm tədbirlər görür. Amma nəzərə almalıyıq ki, dünya ölkələrinin bir çoxunda bu problemin qarşısını almaqda çətinlik çəkirlər. Qışın törədəcəyi fəsadları əvvəlcədən hesablamaq olmur. Buna görə də nə qədər hazırlıqlı olduğumuzu düşünsək də gözlənilməyən anda gələn çovğun bütün planları alt-üst edə bilir. Bütün bunlarla yanaşı qeyd edim ki, kifayət qədər əminliklə deyə bilərəm ki, ölkəmizdə bu il yaşanacaq problemlərin qarşısının alınması məqsədilə bir sıra işlər görülür.

- Qışa hazırlıq işlərinə yeni texniki avadanlıqların cəlb edilməsi nəzərdə tutulubmu?

- Hazırlıq işlərimiz tamamlansa da, bütün texniki avadanlıqlarla təmin olunsaq da bəzi problemlərin qarşısını ideal səviyyədə almaq qeyri-mümkündür. Ona görə də yeni texniki avadanlıqların cəlb edilməsi istiqamətində işlər hazırda mütəmadi olaraq davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin və "Azərdəmiryolservis"in bir çox avadanlıqları var. Amma məlum məsələdir ki, nə qədər çalışsaq da avadanlıqlar kifayət etməyə bilər, məhz buna görə də yeni texnika avadanlıqlarının alınması nəzərdə tutulub. Amma bunun hansı avadanlıqlar olacağı hələ dəqiqləşdirilməyib. Əgər ehtiyac olarsa yeni avadanlıqlara üz tutacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə