“Məhərrəm ayında xeyriyyəçiliklə məşğul olmaq bəyənilən əməllərdən hesab edilir” ARAŞDIRMA
Artıq Məhərrəm ayı başlayıb. Məhərəmlik tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
“Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Məhərrəmliklə bağlı fətvasında deyilir: “Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır: “Lakin, təəssüflər olsun ki, bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır".
“Bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur”
QMİ fətvada Aşura günü İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edib: “Bildiririk ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər”.
“Xalqımız hər zaman Peyğəmbər ailəsinə qarşı törədilən cinayətin əslində İslama qarşı yönələn bir addım olduğunu bəyan edib”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, Məhərrəm ayı Quranı-Kərimdə 4 haram aylardan biridir: “Bu ayda müharibələrin edilməsi və digər hallar qadağan edilsə də, 1400 il bundan öncə Məhəmməd Peyğəmbərin ailəsinə qarşı qətliam bu ayda həyata keçirilib. Bunun özü İslam aləmində bir sıra parçalanmalara səbəb olub. İslam aləmində Həzrəti Hüseyn və onun ailəsinə daim hörmət, ehtiram bəslənib. Bu hadisə ətrafında müxtəlif mülahizələr irəli sürülməsinə baxmayaraq, İslam aləmi Həzrəti Hüseynin ailəsinə hörmət əlaməti olaraq, daim bu günü onların xatirəsini yad etmək üçün qeyd edib, məscid və ziyarətlərə toplaşaraq həmin şəxslərin ruhuna dualar edib, öz insanpərvərlik hislərindən irəli gələn vəzifələri yerinə yetiriblər. Bu gün Azərbaycanda da bu ənənə davam etməkdədir. Xalqımız hər zaman bu hadisəyə öz münasibətini bildirib, Peyğəmbər ailəsinə qarşı törədilən cinayətin əslində İslama qarşı yönələn bir addım olduğunu bəyan edib ”.
“Azərbaycanda Aşura digər xalqlardan fərqli şəkildə həyata keçirilir”
Onun sözlərinə görə, xalqımız bu günü digər xalqlardan fərqli şəkildə həyata keçirir: “Biz müşahidə aparsaq görərik ki, digər xalqlarda bu gün müxtəlif formalarda yad edilir. Misal üçün Aşura günü Hindistan, Pakistanda başqa formada, Əfqanıstanda, və İranda isə daha qanlı şəkildə yad edilir. Hansı ki bu adət-ənənələr İslam dininin öz prinsiplərinə ziddir. Lakin Azərbaycanda bu kimi hallar yaşanmamaqdadır. Yaşandıqda da geniş vüsət almır, qısa fraqmentlərdən ibarət olur”.
“Azərbaycanda Aşura günü qanvermə aksiyalarının keçirilməsi İslam dininin insanpərvər prinsiplərinə söykənən bir addımdır”
Azərbaycanda Aşura günü qanvermə aksiyalarının təşkil olunduğunu xatırladan C. Əlifzadə söyləyib ki, bu İslam dininin insanpərvər prinsiplərinə söykənən bir addımdır: “Bildiyiniz kimi Quranı-Kərimdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək kimi təqdim olunub. Məhz bu ideya həmin prinsiplərə əsaslanır. İslam dini insanları öz bədənlərinə, əzalarına işgəncə vermək deyil, insanları bu işgəncələrdən azad etməyə çağırır. Məhz bu prinsipdən yanaşanda qanvermə aksiyaları hansı ki bunun nəticəsində qan xəstəlikləri ilə mübarizə aparam bir çox insanlara kömək olur. Bu da düşünürəm ki, İslam dininin məhz əxlaqi-mənəvi dəyərlərinə layiq bir hərəkətdir. Artıq bu hadisələr neçə illərdir ki, ölkəmizdə yaşanılır”.
“Qanvermə aksiyası ilə bağlı ənənə artıq İran və Türkiyədə də tətbiq olunmağa başlayıb”
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın Aşura günündə həyata keçirdiyi qanvermə aksiyası ilə bağlı ənənə artıq İran və Türkiyədə də tətbiq olunmağa başlayıb: “Azərbaycanın ortaya atdığı bu ideya bütün İslam aləmində yayılsa, bir sıra neqativ - zəncirvurma, kəsici alətlərlə bədənə xəsarət vurmaq kimi halların aradan qalxmasına kömək edəcək. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq bu ideyanı dəstəkləyir, onun təbliği üçün müxtəlif vasitələrdən istifadə edirik. O cümlədən mətbuat vasitəsilə insanlara bu aksiyalarda iştirak etməyə və iştirak edərək məhz İslam dininin prinsiplərinə uyğun olaraq, qana ehtiyacı olan şəxslərin həyatını xilas etməyə çağırırıq”.
“Məhərrəm ayında xeyriyyəçiliklə məşğul olmaq bəyənilən əməllərdən hesab edilir”
Məhərrəm ayında həyata keçirilməsi məqbul hesab edilən əməllərlə bağlı məlumat verən qurum rəsmisi vurğulayıb ki, bu gün müasirliyin və ənənəviliyin vəhdətindən çıxış edərək insanlara Məhərrəm ayında və eləcə də Aşura günündə xoş niyyətlərini biruzə vermək tövsiyə olunur: “Bu ayda İmama ehsan olaraq xeyriyyəçiliklə məşğul olmaq bəyənilən əməllərdən hesab edilir. İslam dininin əsas prinsiplərindən biri insanlara xeyriyyəçiliyi tövsiyə edir. Bir insanın qoyub gedəcəyi miras elm, yaxşı övlad və xeyr əməllərdir. Bu baxımdan da Məhərrəm ayında da bu prinsipin yarayacağını düşünürük. Əgər insanlar həm də Aşura, həm də ümumilikdə ay boyunca bir-birinin dərdlərinə daha yaxından yansalar, kömək etməyi əsirgəməsələr onlar məhz həzrəti Hüseynin yolu ilə getmiş olarlar. Çünki, Həzrəti Hüseyn məhz İslam dininin prinsiplərinin qorunub saxlanması üçün yola çıxıb. Məhz İslam dininin qayəsi insanlara kömək, yardım etmək, onların çətinliklərindən xilas etməkdir”.
“Aşura günü uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaq”
Qeyd edək ki, Aşura mərasimi tədris dövrünə təsadüf edir. Dini qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilən açıqlamaya görə, Aşura günü şagirdlər məktəbdə olmalıdır. Məlumata görə, Aşura günü uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək. Monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.
Xatırladaq ki, Azərbaycanda Aşura günü sentyabrın 20-nə təsadüf edir. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB