Əzadarlıq Vətən sevgisi və torpaq uğrunda fədakarlıq çağırışının təcəssümü olmalıdır
Aşura zamanı Türkiyə və İranda da artıq qançıxarma ilə bağlı zərərli tədbirlərdən çəkinilib, bunun əvəzinə, Azərbaycandakı kimi qanvermə aksiyalarının tətbiqinə başlanılıb
Hicri təqvimi ilə Məhərrəm ayı başladı. Sentyabr ayının 11-i Məhərrəm ayı başladı, Aşura isə sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.
Ümumiyyətlə, bu ay müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura Günü islam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Lakin İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi və əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür. Bu baxımdan, hazırda bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda, uzun müddətdir ki, imtina olunub. Əvəzində, həmin tarixdə ölkə ərazisində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə reallaşan və ehtiyacı olan xəstələr üçün təşkil edilən könüllü qanvermə aksiyaları bu il də təşkil ediləcək. Səhiyyə Nazirliyi ilə birgə keçirilən qanvermə aksiyası məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələri - xəstəxana və poliklinikalarda da təşkil olunacaq. Bu mənada, qonşu ölkələrdə, məsələn, Türkiyə və İranda da artıq qançıxarma ilə bağlı zərərli tədbirlərdən çəkinilib, bunun əvəzinə, Azərbaycandakı kimi qanvermə aksiyalarının tətbiqinə başlanılıb.
Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı və ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq islam qanunlarına ziddir və İmamım, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.
Bununla belə, Azərbaycan dini mərasimlərin məhdudlaşdırıldığı ölkə də deyil. Azərbaycan tarixən tolerant ölkə olub və hazırda, bu, dövlət siyasəti kimi, ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanın dünya tolerantlığına verdiyi töhfə beynəlxalq aləmdə nümunə kimi qiymətləndirilir. Dindarların sərbəst şəkildə ibadət etmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılıb və məzhəb mehribanlığı mövcuddur. Bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətləri də yeni mərhələyə qədəm qoyub. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olunub, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycan xalqı milli və dini bayram və mərasimlərini sərbəst şəkildə qeyd etmək hüququ əldə edib. Dinlər və dini qruplara tərəfsiz mövqe nümayiş etdirilməklə yanaşı, dini icmalarla dövlət arasındakı əlaqə pozitiv xarakter daşıyır. Dini icmalara, mütamadi olaraq, dəstək verilir. Bu sahədə görülən işlərin davamı olaraq, dövlət başçısının müvafiq sərəncamları ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunub.
Ölkədə tarixin dərinliyindən gələn dini mərasimlərə də hər zaman diqqətlə yanaşılıb. Bu gün də, bu, belədir. Məhərrəmlik ayı ilə əlaqədar da müxtəlif tədbirlər keçiriləcək ki, burada ən vacib olanı qanvermə aksiyalarının keçirilməsi olacaq. Çünki qan vermək insan orqanizminin sağlamlığı baxımdan, olduqca əhəmiyyətli olması ilə yanaşı, eyni zamanda, Mərkəzi Qan Bankının ehtiyacının ödənilməsi deməkdir.
Bir sözlə, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaqdansa, könüllü qanvermə aksiyalarında iştirak etməklə ehtiyacı olan xəstələr üçün donor olmaq məqsədəuyğundur. Bu isə, əzadarlığın ən ali nümunəsi ola bilər.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB